İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor İlham Rəhimov MQİMO-da azərbaycanlı tələbə və müəllimlərlə görüşdü – FOTOLAR

2695 27.12.2025 11:18 Gündəm A A

Dekabrın 26-da Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan *Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti*ndə (MQİMO) azərbaycanlı tələbələrin təşəbbüsü ilə görüş keçirib.

Bu barədə Musavat.com-a İlham Rəhimovun ofisindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində 80 nəfər azərbaycanlı tələbə təhsil alır. Professor İlham Rəhimov həm bu ali məktəbdə, həm də digər ölkələrdə təhsil alan azərbaycanlı gənclərə mütəmadi olaraq dəstək göstərir. Qeyd edək ki, bu, professorun MQİMO-da təhsil alan azərbaycanlı tələbələrlə artıq ikinci görüşüdür.

Tədbirdən öncə universitetin rektoru, akademik Anatoliy Torkunov professor İlham Rəhimovla ayrıca görüş keçirib. Görüş zamanı rektor Azərbaycanla bağlı xoş xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti *İlham Əliyev*in də bu nüfuzlu ali təhsil müəssisəsinin məzunu olduğunu xatırladıb. O bildirib ki, cənab İlham Əliyev sonradan universitetdə müəllim kimi fəaliyyət göstərdiyi dövrdə tələbələr, müəllimlər və professor-müəllim heyəti tərəfindən böyük hörmətlə qarşılanıb. Rektor, eyni zamanda vurğulayıb ki, cənab İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildikdən sonra da universitetlə əlaqələrini davam etdirib və bu münasibətlər MGİMO rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib.

Tələbələr qarşısında çıxış edən professor İlham Rəhimov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin yüksək ixtisaslı və peşəkar kadrların hazırlanmasında xüsusi rola malik nüfuzlu ali təhsil ocağı olduğunu qeyd edib. O vurğulayıb ki, bu universitetin tələbəsi olmaq yalnız böyük imkanlar deyil, eyni zamanda ciddi məsuliyyət və ardıcıl zəhmət tələb edir.

Görüş zamanı professor İlham Rəhimov tələbələrin cinayət və cəza, cinayət hüququ, hüquqi məsuliyyət, eləcə də digər aktual mövzularla bağlı ünvanladıqları sualları ətraflı şəkildə cavablandırıb, gənclərin səsləndirdiyi maraqlı fikir və təklifləri diqqətlə dinləyib. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb və canlı müzakirələr şəraitində keçib.

Görüşün sonunda fəallığı ilə seçilən azərbaycanlı tələbələrə professor İlham Rəhimov tərəfindən xüsusi mükafatlar təqdim olunub.

Musavat.com

Attachment

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR