Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa yanvarın 28-də Rusiyaya rəsmi səfər edəcək. Musavat.com xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Əhməd əş-Şaraa səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Qeyd edək ki, Əhməd əş-Şaraa Moskvaya bundan əvvəlki səfərini 2025-ci ilin oktyabr ayında həyata keçirib.
Aradan qısa müddət keçdikdən sonra Əhməd əş-Şaraanın Moskvaya səfər etməsi hazırda Moskvada yaşayan keçmiş prezident Bəşər Əsədin Dəməşqə təhvil verilməsi ilə nəticələnə bilərmi?

Politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra ciddi proseslər baş verir:
“Əhməd əş-Şaraa çalışır ki, ölkədə həmrəyliyin formalaşması üçün tutarlı addımlar atsın, kənar təhdidləri neytrallaşdırsın və ölkənin təhlükəsizliyini təmin etsin. Bəşər Əsədin hakimiyyəti dövründə buraxılmış səhvləri təkrarlamaq istəmədiyi hiss olunur. İranın, eləcə də Rusiyanın Suriya ərazisində qalıcı maraqlarını da əsas hədəfdir. Nəzərə almaq lazımdır ki, Rusiyanın iki hərbi bazası Suriya ərazisində yerləşir. Rusiyanın Yaxın Şərqdə sonuncu və əsas dayağı həmin hərbi bazalardır. Belə ehtimal edilirdi ki, hərbi bazaların Suriyada saxlanması şərti ilə Bəşər Əsəd Rusiyadan tələb olunacaq. Lakin Əhməd əş-Şaraanın Rusiyaya keçən ilki səfərində belə bir təklif irəli sürülmədi. Çünki heç bir nəticə yoxdur”.

Ekspert qeyd edib ki, Bəşər Əsəd Kremlə lazım deyil, ona görə də rus hərbi bazalarının Suriyada saxlanılması müqabilində keçmiş prezidentin ölkəsində mühakimə olunmaq üçün təhvil verilməsi mümkündür:
“Amma məsələ burasındadır ki, Əhməd əş-Şaraaya Bəşər Əsəd nə qədər lazımdır? Ümumiyyətlə lazımdırmı? Bəlkə də Əsədin Suriyada həbsxanada saxlanması Rusiyada yaşamasından daha zərərli ola bilər. Suriya rəhbərliyinin Rusiyaya səfərlərinin ardıcıl xarakter alması şübhəsiz ki, masada hansısa ciddi mübadilənin, fikir alış-verişinin, razılaşmalar əldə edilməsinə çalışdıqlarını söyləməyə əsas verir”.
Etibar Seyidağa,
Musavat.com






