Cənubi Kipr prezidenti Nikos Xristodulides ilk dəfə Qazaxıstana səfə edib. O, səfər çərçivəsində paytaxt Astanada Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə görüşüb. Görüş zamanı Tokayev Xristodulidesi dövlət ordeni olan “Dostluq” ordeni ilə təltif edib. Xristodulides Astana şəhərində Cənubi Kipr səfirliyinin açılışında iştirak edib. Xristodulides, həmçinin, Astana və Almatı şəhərləri ilə Cənubi Kipr arasında müntəzəm aviareyslərin açılacağını açıqlayıb. O, çıxışında dövlətlərin ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin vacibliyini vurğulayıb.
Qeyd edək ki, yunan Kipri prezidentinin Qazaxıstan səfəri ciddi narazılıq doğurub. Xüsusən də rəsmi Ankara və rəsmi Astana arasında müəyyən gərginliyə səbəb olub, ciddi etiraz və narazılıq yaradıb. Bu səfərin Türk Dövlətləri Təşkilatında (TDT) təfriqə yaratmağa xidmət etdiyi vurğulanır. Bu səfər 34 il əvvəl iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri yunan Kiprinin prezidentinin Qazaxıstana ilk səfəridir. Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür, eyni zamanda, Şimali Kipr Türk Respublikasının da bu təşkilata daimi üzv seçilməsi gündəmdədir. Bu da təbii ki, qardaş Türkiyədə də, Azərbaycanda müəyyən ciddi narazılığa səbəb olur. Əksəriyyət bunu türk birliyinə bir təxribat, təfriqə kimi dəyərləndirir.

Bəs Qazaxıstanın yunan Kipri ilə yaxınlaşması “Turan birliyi”ndə özünü hansı neqativ nəticələr doğura bilər? Bu addımın gerçək səbəbi nədir? Burada rusun, yoxsa Brüsselin “barmağı” var?
Siyasi ekspert Ramiyə Məmmədova Qazaxıstanla yanaşı Türkmənistanın da yunan Kiprində səfirlik açdığını xatırladıb. Onun bildirdiyinə görə, Türkmənistandan fərqli olaraq, Qazaxıstan TDT-də mühüm aktordur. Ekspert hesab edir ki, Orta Asiya ölkələrinin bu addımlarında Avropa Birliyinin, xüsusən Fransanın təsiri var:
"Deməzdim ki, yunan Kipri ilə əlaqələr Moskvanın maraqlarına uyğundur və ya burada iştirakı var. Əksinə, Rusiya KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstanın Avropa Birliyi ölkəsi olan Cənubi Kiprlə əlaqələrini dərinləşdirməsində marağı olmamalıdır. Hətta bu addım TDT maraqlarına zidd görünsə də, Rusiya məsələyə o prizmadan yanaşmaz. Ona görə də bu məsələdə Fransanın Mərkəzi Asiyaya təsiri mövcuddur. Çünki Qazaxıstanın uranını daşımaqda maraqlıdır. Astana isə bunun müqabilində Fransanın arzularını ifadə edərək yunan Kiprinə üz verir. Sadəcə, bu ölkə ilə əlaqələr Qazaxıstanın ümumi siyasətinə və TDT platformasına böyük ölçüdə zərər vurmur. Bəli, müəyyən dərəcədə narazılığa səbəb ola bilər. Yəni Türkiyə üçün prinsiplər baxımdan əhəmiyyətlidir. Ancaq "Turan birliyi" çoxşaxəli əməkdaşlıq formatıdır və bir yunan Kiprinin Qazaxıstanla əlaqələrinə görə parçalanması nonsensdir".

Ekspert bunu belə izah edir ki, ideoloji baxımdan və beynəlxalq hüquqda mübahisəyə səbəb yaradan iki Kipr dövləti məsələsi TDT üçün predmet ola bilər, lakin hər bir ölkənin müstəqil xarici siyasət kursu var və heç biri öhdəlik götürməyib:
"Hər nə qədər xoşagələn görünməsə də, üzv təşkilatlar TDT qarşısında elə bir öhdəlik götürməyib ki, onlar yunan Kipri ilə əlaqə qura bilməzlər. Yəni məsələyə praqmatik yanaşanda təhlükə görmürəm və TDT işini davam etdirəcək. Ümumən, təşkilatın böyük hədəfləri var və qarşıdakı dövrdə həyata keçirilməlidir. Biz bir yunan Kiprinə görə parçalana bilmərik. Bundan da prioritet məsələ türk dünyasının birliyidir".
Emil Salamoğlu
Musavat.com






