Putin ABŞ-la danışıqlar üçün əsas fiqur kimi məhz Uitkoffu şəxsi qərarı ilə seçib. Rusiya–ABŞ arasında gizli kanallarla aparılan təmaslar Səudiyyə Ərəbistanı şahzadəsinin Kreml adından Uitkoffa çatdırdığı mesajdan sonra başlayıb.
Musavat.com-un məlumatına görə, "The Wall Street Journal" yazır ki, Vladimir Putin onunla birbaşa görüşdə xüsusi maraqlı olub.
Məqaləyə görə, Kremlin yeganə və prinsipial şərti belə olub: Uitkoff Moskvaya tək gəlməlidir - nə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları, nə diplomatlar, nə də tərcüməçi olmadan.
Danışıqlar zamanı tərəflər ABŞ vətəndaşı Mark Fogelin azadlığa buraxılması məsələsini müzakirə ediblər. Kannabis ittihamı ilə məhkum edilmiş Fogel sonradan azad edilib.
Uitkoffun seçimi təsadüfi deyil. "The Wall Street Journal" qeyd edir ki, Putin Trampın ətrafındakı əsas fiqurların psixoloji portretlərini diqqətlə öyrənib. Bu çərçivədə Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq da analiz edilib və Kreml onu Ukraynaya meyilli fiqur kimi qiymətləndirib.
Məqalədə həmçinin bildirilir ki, Uitkoff Moskvaya səfərlərindən əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasında və dövlət katibində brifinqlər alır, Rusiyaya şəxsi təyyarə ilə uçur və Dövlət Departamentindəki kabinetində nadir hallarda görünür.
"The Wall Street Journal" yekunda vurğulayır ki, Kreml danışıqlarda şəxsi əlaqələrə, qeyri-formal kanallara və qarşı tərəfin psixoloji xüsusiyyətlərinə hesablanan yanaşmaya üstünlük verir.
Musavat.com






