Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibənin 4-cü ili tamam olur. Bu münaqişə təkcə iki ölkə arasında hərbi qarşıdurma deyil, həm də Avropanın təhlükəsizlik arxitekturasını sarsıdan və qlobal siyasi balansı dəyişən bir prosesə çevrilib. Minlərlə insan həyatını itirib, milyonlarla ukraynalı isə doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Müharibə beynəlxalq münasibətlər sisteminə, enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir göstərərək dünyanın gündəmində əsas mövzulardan biri olaraq qalmaqdadır.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl müharibənin gedişatı, sülhün nə dərəcədə real olması və s. barədə Musavat.com-un suallarını cavablandırıb.

- Bir ildən çoxdur ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya və Ukrayna arasında danışıqlar aparılır. Lakin tərəflər sülhə yaxınlaşa bilməyiblər. Rusiya hərbi və digər resursların Ukrayna ilə müqayisədə daha çox olduğunu düşünür və zamanın onun lehinə olduğu qənaətindədir. Müharibənin 4-cü ilində siz bu yanaşmanı necə dəyərləndirirsiniz?
- 4 gündə bitirmək istədiyi müharibəni 4 ildə bitirə bilməyən Rusiya, dövlət olaraq, Putin isə siyasi xadim olaraq strateji məğlubiyyətə uğrayıb. Ukrayna ərazisinin 20 faizini işğal etməsinə baxmayaraq, hərçənd, Krım, Donbasın müəyyən hissəsi 2014-cü ildə işğal olunmuşdu, 2022-ci ildə də işğal davam etmişdi, amma Rusiya faktiki olaraq strateji məğlubiyyətə uğrayıb. Son il ərzindəki danışıqlar ABŞ prezidentinin təzyiqlərini Rusiyaya yox, Ukraynaya yönəltməsi baxımından Rusiyanın xeyrinə oldu. Təzyiqlər konkret olaraq Ukrayna prezidenti Volodimir Zelenskiyə yönəldilib. Biz bunu bir il öncə Oval kabinetdəki görüşdə aydın gördük. Rusiya bu münasibətdən belə demək olarsa, şirnikləndi və müharibəni bitirməyi yox, zaman uzansa belə öz istəklərinə çatmaq barədə qərar verdi. Üstəlik, yeni şərtlər irəli sürüldü - işğal edilən ərazilər Rusiyaya verilməlidir, sanksiyalar geri götürülməlidir, Əbu-Dabidəki danışıqlarda isə daha bir şərt əlavə olundu ki, Ukrayna işğal edilən torpaqların hüquqi cəhətdən Rusiyaya aid olmasını tanısın. Bu da qəbul edilmədi. Son bir ildə danışıqlar uzansa da, Rusiyanın resursları getdikcə tükənir. Tramp müəyyən dərəcədə Ukraynaya təzyiq etdiyi kimi, ABŞ və Avropa “kölgə donanması”na, yəni neftin daşınması və satılmasına sanksiyalar tətbiq etdiyi üçün Rusiyanın gəlir mənbələri azalıb, elə bir həddə gəlib çatıb ki, ötən aydan etibarən Rusiyanın maliyyə rəhbərləri Putinin özünü xəbərdar ediblər ki, qarşıdakı 3 ayda Rusiyanı kollaps və iqtisadi böhran bürüyəcək, gəlirlər olmasa, davam etmək çətin olacaq. Putin çıxılmaz vəziyyətdə qalıb. O, istədiyinə nail ola bilməyib, “qələbəni” cəmiyyətə sırıya bilmir. Müharibə Rusiya cəmiyyətinə nə verdi? sualına cavab verə bilmir. Putin vaxtilə Rusiya torpaqlarını genişləndirən çarlar kimi status qazanmaq istəyir ki, tarixə düşsün. Vladimir Putin deyir ki, müharibənin başlamasının ilkin səbəbləri ortadan qalxmayıb. İlkin səbəbin biri demilitarizasiya idi, Ukrayna son 4 ildə daha çox silahlanıb - həm istehsal edir, həm də alır. Yəni, faktiki olaraq, əks proses gedib, Ukrayna güclənib. Rus dili məsələsinə gəlincə, Ukrayna bunu müzakirə etməyə hazır olduğunu bildirib. Ukrayna NATO üzvü olmamaq barədə öhdəliyə də razılıq verib. Amma Rusiyanın digər şərtləri qəbul olunmur - işğal edilmiş ərazilər Rusiyanın ərazisi kimi tanına bilməz. Bunu heç kim, o cümlədən Ukrayna prezidenti də qəbul etmir. Strateji məğlubiyyətin digər elementi isə Ukraynanın neytral qalması ilə bağlıdır. Finlandiya və İsveç başda olmaqla, NATO ölkələri böyük sərhəd boyunca Rusiyaya daha çox yaxınlaşdı.

- ABŞ Ukrayna ordusunun Donbasdan çıxmasını təklif edir. ABŞ rəsmilərinin açıqlamalarına diqqət etsək, onlar “müharibə o zaman bitəcək” ritorikası ilə danışırlar. ABŞ təhlükəsizliyə zəmanət versə də, Rusiya həqiqətən işğal edilmiş ərazilərdə dayanacaqmı?
- Volodimir Zelenskinin son təklifi budur ki, ərazidən çəkilə bilər, amma Rusiya da eyni məsafədə geri çəkilməlidir, Ukraynın suverenliyi altında olması şərti ilə azad iqtisadi zona olsun. Bununla Zelenski müəyyən qədər güzəşt də etmiş olur, bunun üçün referendumun keçirilməli olduğunu da deyir. Rusiya isə bunu istəmir, əksinə, Ukraynın qeyd-şərtsiz geri çəkilməsini və ərazilərin öz ərazisi kimi tanınmasını istəyir. Ukrayna prezidenti hüquqi cəhətdən haqlıdır, çünki heç bir dövlət başçısı hər hansı ərazini şəxsi qərarı və bir imza ilə başqa dövlətə verə bilməz. Ərazi xalqa məxsusdur, qərarı xalq, referendum vasitəsilə verə bilər. Ukrayna xalqı isə buna razı olmaz. Rusiya müharibəni davam etdirsə də, bir ildən çoxdur ki, 100 minə yaxın itki versə də, Pokrovsk şəhərini ala bilmir, Kupyanskı da işğal etdiyini bəyan etsə də, məlum olub ki, etməyib. Müdafiə qabiliyyətinə görə Pokrovskdan daha güclü olan Kramatorsk və Konstantinovkanın boşaldılması isə (hər birinin təxminən 100 minlik əhalisi var) mümkün deyil. Putin müharibəni davam etdirməyi, bu şəhərləri işğal etməyi düşünürsə, indiki sürətlə bu, 2 il zaman alacaq və Zelenskinin dediyi kimi, təxminən 800 min əsgər itirəcək. Rusiya buna tab gətirəcəkmi? İnsan resursları azaldıqca səfərbərliyə gediləcəksə, Rusiyada bu, artıq hərbi əməliyyat yox, rəsmi şəkildə müharibə adlandırılacaq. Bu isə Rusiya cəmiyyətində birmənalı qarşılanmayacaq. Son zamanlar bəzi rəsmi şəxslər tərəfindən müharibənin dayandırılmalı olduğu barədə fikirlər səslənir. Vaxtilə müharibənin tərəfdarı olan blogerlər belə açıq şəkildə bildirirlər ki, bu gedişat Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Ukrayna hərbçiləri Zaporojye, Xerson istiqamətində 300 kvadratkilometr ərazini işğaldan azad ediblər. Xalqın müqaviməti və mərdliyi də göstərir ki, nə hərbçilər, nə də siyasi rəhbərlik müharibənin Rusiyanın irəli sürdüyü şərtlərlə dayandırılmasına razı olacaq.
- Zelenskinin seçkilərlə bağlı yanaşması belədir ki, Rusiya sadəcə onu başqasının əvəzləməsini istəyir. Bəs Zelenskini əvəz edəcək şəxs işğalla barışacaqmı?
- Putinin imperiya ambisiyasında, şəxsi eqosunda əsas diqqət ərazi məsələsindən öncə Zelenskinin olmamasına yönəlib. Dünyada tanınan siyasətçi bir aktyora uduzmağı qəbul edə bilmir. Putin Zelensinin müqavimətini qıra bilmədiyi üçün onu qeyri-legitim hesab edir. Müharibə vəziyyətində seçki keçirmək mümkün deyil. Seçki keçirilərsə, bəlkə xalq doğrudan da onu seçməyəcək? Amma indiki vəziyyətdə Zelenskiyə rəqib yoxdur. Real namizədlərə gəlincə, Ukraynanın Böyük Britaniyadakı səfiri, keçmiş baş qərargah rəisi Valeri Zalujnının adı çəkilir. Əvvəllər Kiril Budanovun da adı hallanırdı, amma o, artıq prezident ofisinin rəhbəridir. Zelenskiyə müxalif olan Petro Poroşenko və Yuliya Timoşenkonun hakimiyyətə gəlməsi real deyil. Real namizədlər Valeri Zalujnı və Kirill Budanovdur ki, onlar Rusiyaya qarşı Zelenskidən daha aqressivdirlər. Onların işğalla barışması, Rusiyanın şərtlərini qəbul etməsi qeyri-mümkündür. Rusiya seçkilərdə rusiyayönümlü partiyaların iştirakına ümid edir, amma Ukraynada belə bir partiya yoxdur.

- Bayden hakimiyyəti Zelenskiyə dəstək verirdi, Tramp isə müharibəni bitirəcəyinə əmin idi. Son çıxışında Tramp bildirib ki, müharibə gözlədiyindən daha mürəkkəbdir. İndiki şəraitdə hansı variant daha real görünür - Rusiyaya siyasi təzyiq etmək, ya Ukraynaya hərbi dəstəyi gücləndirmək?
- Hər ikisi paralel şəkildə olsa, daha effektiv olar. ABŞ böyük ölçüdə hər ikisindən imtina edib. ABŞ silahları NATO-ya satır, onlar da Ukraynaya verir. Yəni heç bir hərbi yardımdan söhbət getmir. Maliyyə yardımı isə tamamilə dayandırılıb. Bəzi kəşfiyyat məlumatları verilir və Rusiyaya müəyyən təzyiqlər edilir. Dəstək hərtərəfli olmalıdır ki, Ukrayna bunu hiss etsin, təzyiqlər isə elə olmalıdır ki, Rusiyanı dayandırsın. ABŞ isə Ukraynaya lazımi hərbi və maliyyə dəstəyi vermir, Rusiyaya təzyiqlər aşağı səviyyədədir.
- 62-ci Münxen Təhlükəsizlik Konfransında konfransın sədri Volfqanq İşinger bildirib ki, Ukrayna Avropanı qoruduğu müddətdə təhlükə o qədər də böyük deyil. Onun bu fikirləri birmənalı qarşılanmadı. Bir sıra məsələlərdə, məsələn, Qrenlandiya məsələsində biz bunu gördük, kifayət qədər fikir ayrılığının olduğu periodda Avropa öz təhlükəsizliyini necə qoruya bilər?
- Avropa daha əvvəl də ciddi səhvlərə yol verib, ABŞ-yə inanıb. Donald Tramp hakimiyyətə gəldikdən sonra vəziyyətin gərgin olduğunu başa düşüblər, artıq Avropanın təhlükəsizlik çətirini yaratmaq istəyirlər, hətta nüvə silahı barədə də düşünürlər. Müzakirələrin getdiyi vaxtda fikir ayrılıqlarının olması təbiidir. Tramp Avropanı bir institut olaraq qəbul etmir. Avropa isə hələ indi anlayır ki, Trampa və ümumiyyətlə, ABŞ-yə inanmaqla çox böyük səhv edib. Sırf özlərinə məxsus hərbi doktrinanın yaradılması üçün hər ölkə büdcənin ən azı 5 faizini bu istiqamətə yönəltməlidir. Ancaq demokratik cəmiyyətlər buna etiraz edə bilər deyə ehtiyat edirlər. Avropa artıq başa düşüb ki, ABŞ-də hakimiyyətə Tramp xarakterli biri gəlsə, vəziyyəti çətin olacaq. Buna görə də indidən təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa çalışır. Təhlükə isə Rusiyadan gələ bilər. Bu səbəbdən Ukraynaya maksimum kömək edirlər, çünki Ukrayna həm də Avropa üçün vuruşur. Amma bu köməyi həqiqətən maksimum dərəcədə edirlərmi, yaxud bacarırlarmı? Əksinə, çox ləng hərəkət edirlər. Lazımi uzaqvuran raketləri verib-verməməkdə tərəddüd edirlər, ABŞ-yə Ukraynaya dəstək üçün təzyiq edə bilmirlər, yəni qoca qitə faktiki olaraq gərginlik və həyəcan içindədir. Cenevrə görüşündə maraqlı epizod oldu. Almaniya, Fransa və Böyük Britaniya nümayəndələri birbaşa masa arxasında oturmasalar da, Ukrayna nümayəndə heyəti ilə çox ciddi məsləhətləşmələr apardılar. Bu o deməkdir ki, Avropasız mümkün deyil. Rusiya isə bunu birmənalı qarşılamır. Avropanın tərəddüdü, qərarların gec qəbul olunması, ritorikanın yüngül olması, Putini hədəf göstərə bilməməsi, qorxaqlığa bərabər səviyyədə ehtiyatlılıq Ukraynanın vəziyyətini ağırlaşdırır. Rusiya Ukraynanın qərb sərhədlərinə çatsa, Polşa, Şərqi Avropa ölkələrini, o cümlədən Almaniya və Fransanı vurmaq asan olacaq. Avropa artıq sözdən əmələ keçməlidir - Ukraynaya daha çox dəstək verməli, Rusiyaya real təzyiqlər etməlidir. Müharibə davam edərsə, Avropa Ukraynanı daha çox silahlandıra bilər, nəticədə Rusiya tükənə bilər. Təəssüf ki, Macarıstan, Slovakiya, Çexiyanın mövqeyi müəyyən qərarların yekdil qəbulunu çətinləşdirir.
- Yeri gəlmişkən, Münxen konfransında ilk dəfə Avropanın öz nüvə silahına malik olması müzakirəyə çıxarıldı. Nüvə silahının təhlükəsizlik zəmanəti olub-olmaması uzun illərdir qlobal müzakirələrin bir hissəsidir. Siz necə düşünürsünüz, hazırkı dünya nizamında nüvə silahı zəmanət hesab oluna bilərmi?
- Əlbəttə. İkinci Dünya müharibəsindən sonra, Üçüncü Dünya müharibəsi olmayıbsa, bunun səbəbi nüvə silahıdır. Nüvə silahı işə düşsə, qalib olmayacaq, dünya dağılacaq. Bu mənada nüvə silahı çəkindirici amildir. İran bu silahı əldə etmək istəyir, ABŞ-İran, İsrail-İran qarşıdurmasının səbəbi budur. Münxen Təhlükəsizlik Konfransında Fransanın rəhbərliyi və Almaniya iqtisadiyyatının köməyi ilə Avropanın nüvə başlıqlı raketlərin istehsalına başlaması müzakirə olundu. Bu, perspektivdə gözlənilə bilər. Bəzən isə nüvə silahına malik olmaq təhlükəsizlik zəmanəti hesab olunmur. Rusiya KİV-də tez-tez “Londonu, Parisi, Berlini nüvə silahı ilə vurarıq” kimi fikirlər səslənir. Bu hücumlar cavabsız qalmaz. Rusiyanın 5500-dək nüvə başlıqlı raketi var, amma Fransa və İngiltərənin malik olduğu nüvə başlıqlı raket sayı 500-dən artıq deyil. Neçə ədəd atılmasından asılı olmayaraq, atom bombası dağıdıcı qüvvəyə malikdir. Hazırda təhlükəsizlik məsələsi təkcə nüvə silahına malik olmaqla bağlı deyil. Dünyada nizam pozulduğu üçün bunun o qədər də önəmi yoxdur. Yeni dünya düzəni isə tezliklə düzələsi deyil. Bu məsələdə ədalət prinsiplərinin əsas götürüldüyü siyasi iradə daha çox rol oynayır. Ədalət və ləyaqət prinsipləri olmasa, yalnız “güclü haqlıdır” prinsipi əsas götürülsə, növbəti müharibələr qaçılmazdır.

- Siz Ukraynaya səfər etmişdiniz. Müşahidələrinizi, gördüklərinizi mətbuatla bölüşdünüz, müsahibələr aldınız. Keçən bu dövr ərzində Ukraynadakı ekspert həmkarlarla ünsiyyətiniz olubmu? Müharibənin gedişatı ilə bağlı onların düşüncələri necədir? Qlobal güclərin maraqlarını, mürəkkəb konfiqurasiyanı və digər faktorları nəzərə alsaq, sizcə, müharibə nə zaman bitəcək? Sülh əldə olunacaqmı?
- Bu qış 4 illik müharibənin ən ağır qışı oldu - Ukraynanın enerji sisteminin faktiki olaraq 80 faizi sıradan çıxarıldı, ancaq Ukrayna xalqı ciddi müqavimət göstərdi, mərdliklə dözdü. Ağır qış mövsümü bitmək üzrədir. Rusiya hesab edirdi ki, Ukrayna xalqı bu gərginliyə dözməyəcək, Zelenskidən müharibəni dayandırmağı tələb edəcək. Putinin hesablamaları əks-nəticə verdi. Amma Rusiya geri çəkilmək istəmir. Paradoks budur ki, Rusiyanın resursları tükənir, qalib də ola bilmir. Resursları imkan versə belə, nəzərdə tutduğu əraziləri ələ keçirmək üçün iki il vaxt lazımdır. Rusiyaya təzyiq edə biləcək dövlətlərdən birincisi Çin, ikincisi ABŞ-dir. Çinin dəstəyi getdikcə zəifləyir, çünki iqtisadiyyatına təsirləri var. ABŞ isə noyabrda aralıq seçkilərinə hazırlaşır, Tramp iyuna qədər müharibənin bitməsində maraqlıdır, amma bu, mümkün deyil. Danışıqları aparan şəxslər müharibənin ən azı bu ilin sonuna qədər davam edəcəyini hesablayırlar. İlin sonuna qədər müqavilə imzalanmayacaqsa, deməli, müharibə 2027-ci ildə də davam edəcək. Noyabrda ABŞ Senatında demokratlar çoxluq əldə edərlərsə, Trampın impiçment məsələsi gündəmə gələcək. Yeri gəlmişkən, ilk prezidentlik dövründə iki dəfə impiçment olub, amma baş tutmayıb. Üçüncü dəfə impiçmentin irəli sürülməsi konkret nəticə verərsə, müharibə daha tez bitə bilər. Tramp hakimiyyətdə qalacaqsa, Rusiya loyallığı davam etdirəcək, belə olduğu təqdirdə müharibə növbəti ilə keçəcək.
Nigar HƏSƏNLİ,
Musavat.com






