ABŞ Prezidenti Donald Tramp 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya gəlib. Trampı Ankara Hava Limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qarşılayıb.
Musavat.com xəbər verir ki, Trampı daşıyan təyyarə yerə endikdən sonra iki lider təyyarənin qapısı önündə səmimi söhbət edib.
Söhbət zamanı Tramp arxa planda görünən təyyarəyə işarə edərək bunun ilk beynəlxalq səfəri olduğunu bildirib.
"Bu, bu təyyarənin ilk beynəlxalq uçuşudur. Tamamilə yenidir", – deyə ABŞ prezidenti bildirib.
Ərdoğan isə "Bəli, bilirəm, eşitmişəm" cavabını verib. Daha sonra tərcüməçinin təyyarənin Qətər tərəfindən hədiyyə edildiyini xatırlatmasının ardından Ərdoğan "Qətərdən gəlib" deyib.
Tramp isə təyyarənin qiymətinə diqqət çəkərək "Bəli... 800 milyon dollardır. Tamamilə yenidir", – sözlərini işlədib.
Məlumata görə, söhbət ABŞ Hərbi Hava Qüvvələri tərəfindən xüsusi avadanlıqlarla təchiz edilərək prezident təyyarəsinə çevrilmiş Boeing 747-8 barədə olub. Təyyarənin ABŞ-a Qətər tərəfindən hədiyyə edildiyi və Trampın Türkiyə səfərinin onun ilk beynəlxalq missiyalarından biri olduğu bildirilir.
Rəsmi qarşılama mərasimi zamanı Donald Tramp mərasim qarovulunu türk dilində salamlayıb.
Qarşılama mərasimindən sonra Ərdoğan və Tramp hava limanında qısa görüş keçiriblər. Daha sonra liderlərin Prezident Sarayında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərinin baş tutacağı gözlənilir. Görüşdə NATO-nun gündəliyi, Türkiyə–ABŞ münasibətləri və regional məsələlərin müzakirə ediləcəyi bildirilir.






