İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz kartlarına pul yüklənməyən Sumqayıt sakinləri yolu bağladı- Video

6191 02.01.2026 18:15 Ölkə A A

Sumqayıt sakinləri iki gündür qaz smart kartlarına pul yükləyə bilmədiklərinə görə “Azəriqaz” İstehsalat Birliyinə etiraz ediblər.

Musavat.com xəbər verir ki, etiraz aksiyası zamanı vətəndaşlar yolu bağlayaraq problemlərinin həllini tələb ediblər.

Sakinlərin verdiyi məlumata görə, ödəniş terminalları vasitəsilə qaz kartlarına pul yatırıldığı halda vəsait kartlara yüklənmir, kart balansı boş göstərilir. Daha ciddi məqam isə ondan ibarətdir ki, terminallar pul qəbul etsə də, ödəniş qaz sayğacında əksini tapmır və qaz təminatında heç bir dəyişiklik baş vermir.

Yaranmış vəziyyət vətəndaşlar arasında ciddi narazılığa səbəb olub. Bildirilir ki, problem yalnız Sumqayıtın ayrı-ayrı əraziləri ilə məhdudlaşmır, demək olar ki, ölkə üzrə bütün abonentləri əhatə edir.

Vətəndaşlar ödənişlərin bərpasını və terminallardan çıxılan vəsaitin taleyinə aydınlıq gətirilməsini tələb edirlər.

Qeyd edək ki, “Azəriqaz” İB smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən problem yarandığını, yaranmış problemin həmin gün axşam saat 20:00-da aradan qaldırıldığını açıqlayıb. Qeyd olunub ki, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olduğuna görə, müraciət sayının çoxluğundan sistemdə yenidən müəyyən xətalar yaranıb. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində iş aparılır.

Onu da bildirək ki, bu gün bu problem paytaxtın əksər yerlərində müşahidə olunub və problem çox yerdə həll edilib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR