ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın oğlu qəza keçirib.
Musavat.com xəbər verir ki, o bu barədə instagram hesabında məlumat paylaşıb.
O bildirib ki, hadisə oğlu Ceyhunun məzuniyyət mərasimi öncəsi baş verib:
“Amerikaya tez dönüşümün səbəbi Ceyhunun məzuniyyətinə çatmaq idi. Enişə az qalmış Ceyhundan zəng aldım. “Ana, olanlara görə üzr istəyirəm. Mən Niko ilə birlikdə ağır qəza keçirdim”. 17 iyun mənim üçün həm qorxu, həm də şükür günü oldu.
Ceyhun dostu Niko ilə 15 iyun gecəsi Virciniyada ağır avtomobil qəzası keçiriblər. Onlar Austinin atasının dəvəti ilə Vest Virciniyada digər dostlarının göl evində toplanmışdılar. Qəza baş versə də, mən Azərbaycanda olduğum üçün narahat etməyiblər.
Maşının vəziyyətini görəndə yalnız bir şey düşündüm: Allah bu iki gənci yenidən bizə bağışlayıb. Polisin bütün yoxlamaları göstərdi ki, nə içki, nə alkoqol, nə də başqa bir problem olmayıb. Ceyhun yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirərkən təkər yağış sularını axıdan çökəkliyə düşüb, maşın dəfələrlə fırlanıb və qəza baş verib.
Uşaqlar 911 -ə zəng ediblər. Niko və Austinin valideynləri onlara xəstəxanada çatıblar. Niko bir az əzilib. Amma Ceyhun üçün problem olmasın deyə, uşaqları öz evlərinə aparıblar.
Bu gün həm də Ceyhunun və Nikonun məzuniyyət günü idi. Məzuniyyət paltarları qəzaya düşən maşında qalsa da, dostlarının köməyi ilə başqa bir paltar bu səhər tapdıq və məzuniyyət mərasiminə qaçırıq.
Bu gün bir daha anladım ki, həyatda ən böyük nemət övladının sağ-salamat yanında olmasıdır. Allaha sonsuz şükürlər. Allah bütün balaları qorusun.
Bu maşını mən Ceyhuna 18 yaş hədiyyəsi etmişdim və istismara tam yararsız elan edildi”.
Şahanə Rəhimli
Musavat.com









