İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl bahalaşdı, alıcı azalmadı: Mağazalarda maraqlı mənzərə - Reportaj, fotolar

2857 29.01.2026 09:34 Ölkə A A

Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində müşahidə olunan bahalaşma artıq rekord həddə çatıb. Son məlumatlara görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,96 faiz artaraq 5 272,11 ABŞ dollarına yüksəlib. Bu artım son illərin ən yüksək göstəricilərindən biri kimi qiymətləndirilir.

Qlobal bazarlardakı bu bahalaşma təbii ki, Azərbaycandan da yan keçməyib. Son bir ay ərzində ölkə daxilində həm qızılın, həm də gümüşün qiymətlərində xeyli artım müşahidə olunur. Xüsusilə toy-nişan mövsümünün yaxınlaşması fonunda qiymətlərin daha da yüksələcəyi ilə bağlı gözləntilər bazarda əlavə canlanma yaradıb.

Musavat.com olaraq məsələni daha yaxından araşdırmaq məqsədilə paytaxtdakı qızıl və gümüş mağazalarından birində olduq. Qiymətlərin yüksək olmasına baxmayaraq, mağazada alıcı aktivliyinin hiss olunduğu diqqət çəkirdi. Alıcılarla söhbət zamanı məlum oldu ki, bir çoxu qızılın daha da bahalaşacağı ehtimalını nəzərə alaraq alış-verişi indidən etməyə üstünlük verir.

Alıcılardan biri bildirib ki, mart ayında, Novruz bayramından sonra nişan mərasimi planlaşdırırlar və bu səbəbdən qızıl alışını gecikdirmək istəmirlər:

“Mart ayında nişanımız olacaq. Qızılın qiymətinin getdikcə daha çox bahalaşdığını eşidəndən sonra məcbur qalıb indidən almağa çalışırıq. Mart ayına qədər Allah bilir qiymətlər nə qədər də qalxacaq”, – deyə alıcı qeyd edib.

Digər bir alıcı isə azyaşlı qız övladı üçün qızıl sırğa almaq istədiyini, lakin qiymətlərin qısa müddətdə kəskin artmasının onu təəccübləndirdiyini söyləyib:

“Cəmi iki həftə əvvəl soruşmuşdum, qiymətlər indiki kimi deyildi. İndi isə 585 əyarlı Türkiyə qızılını 195 manatdan hesablayırlar. İki həftə əvvəl bu qiymət 165 manat idi”, – deyə alıcı narazılığını ifadə edib.

Satıcılar da qiymət artımını təsdiqləyir. Onların sözlərinə görə, bahalaşmaya baxmayaraq, alıcıları itirməmək üçün müəyyən qədər endirimlər etməyə çalışırlar:

“Qiymətlər xeyli artıb, amma imkan daxilində alıcılara güzəşt edirik. İtaliya qızılına ümumiyyətlə maraq azdır. 750 əyarlı İtaliya qızılı hazırda 270 manat civarında hesablanır və alıcılar bu qiymətə yaxın durmurlar. Ən çox satılan isə hələ də Türkiyə istehsalı olan qızıllardır”, deyə satıcı bildirib.

Gümüş zinət əşyaları satan satıcı isə gümüşün qiymətinin son dövrlərdə təxminən iki dəfə bahalaşdığını bildirib. Onun sözlərinə görə, bu artım birbaşa satışlara da mənfi təsir göstərib:

“Təsəvvür edin ki, bir müddət əvvəl 6 manata satdığımız gümüş məmulatlarını indi 10–12 manata təklif edirik. Qiymətlərin bu qədər qalxması alıcıların sayının xeyli azalmasına səbəb olub”.

Hazırda həm alıcıları, həm də satıcıları eyni sual düşündürür: qızıl və gümüşün qiymətlərində müşahidə olunan bu sürətli bahalaşma nə qədər davam edəcək və bazar nə zaman sabitləşəcək?

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

İqtisadçı qeyd edib ki, xüsusilə qızılın qiymətinin kəskin bahalaşmasının bir neçə əsas səbəbi mövcuddur:

"Bu səbəblərdən birincisi qlobal iqtisadiyyatda və geosiyasi müstəvidə baş verən qeyri-müəyyənliyin getdikcə daha da dərinləşməsidir. Hazırkı şəraitdə bir ay, iki ay, yaxud daha uzun müddət sonra hansı hadisələrin baş verəcəyini dəqiq proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Ən əsası isə odur ki, təqdim olunan proqnozların əksəriyyəti özünü doğrultmur.

Belə bir qeyri-müəyyən mühitdə investorların davranışları dəyişir. Eyni zamanda, aparıcı ölkələrin mərkəzi bankları qızıl ehtiyatlarını artırmaqda davam edir. Qlobal investorlar isə real sektora yönəlməkdənsə, bilavasitə qızıla investisiya etməyə üstünlük verirlər. Nəticə etibarilə, qızıla olan etibar daha da güclənir və bu da qiymət artımını stimullaşdıran əsas amillərdən birinə çevrilir".

İqtisadçı qeyd edib ki, digər mühüm amil ABŞ prezidenti Donald Trampın uçot dərəcələrinin aşağı salınması ilə bağlı Federal Ehtiyat Sisteminə göstərdiyi siyasi təzyiqlərlə bağlıdır:

"Bu təzyiq hazırda dolların ciddi şəkildə ucuzlaşmasına səbəb olmasa da, ABŞ valyutası üzərində müəyyən təzyiq yaradır. Sözügedən təzyiq isə investorları alternativ təhlükəsiz aktivlərə, xüsusilə qızıla yönəldir və bu da qızıla olan tələbi bir qədər də artıraraq qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
Hesab edirəm ki, Tramp siyasi səhnədə aktiv olduğu müddətdə qızıla qarşı tələbin artması davam edəcək. Doğrudur, müəyyən dövrlərdə qiymətlərdə dalğalanmalar, müvəqqəti enişlər və ya korreksiyalar mümkündür. Lakin bütün hallarda, qısa müddətli azalmalar istisna olmaqla, ümumi dinamikanın yüksəliş istiqamətində olacağı gözlənilir. Hətta 2026-cı ilə qədər olmasa belə, ən azı 2027-ci ilin sonuna qədər qızılın qiymətində artım tendensiyasının davam edəcəyi ehtimal edilir".

İqtisadçı mövcud vəziyyətin Azərbaycan bazarlarına təsirindən də danışıb:

"Azərbaycanda qızıla olan tələbat əsasən fərdi istehlakçılar tərəfindən, yəni qızıl zinət əşyaları formasında özünü göstərir. Bu da təbii olaraq vətəndaşlar üçün əlavə maliyyə yükü yaradır. Qiymət artımı xüsusilə toy, nişan və digər ailə mərasimləri ərəfəsində daha kəskin hiss olunur.
Lakin məsələnin digər tərəfi də var. Qızıla investisiya edən Azərbaycan vətəndaşları üçün, eləcə də dövlət səviyyəsində, xüsusən Azərbaycan Dövlət Neft Fondu üçün qızılın bahalaşması müsbət maliyyə dividendləri əldə etməyə imkan yaradır və bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir. Bu baxımdan, qızılın qiymətindəki artım bir tərəfdən istehlakçılar üçün əlavə xərc yaratsa da, digər tərəfdən investorlar və dövlət üçün müsbət maliyyə nəticələri vəd edir".

Xalidə Gəray,
Fotolar müəllifindir,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR