İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkə son nöqtəni qoydu - Avropa yolu gedilməyəcək

994 24.11.2025 17:23 Siyasət A A

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladzenin son açıqlamaları Ukraynanın başına gətirilənlərin fonunda xüsusi diqqət çəkib. Hər iki gürcü iqtidarının təmsilçisi son dövrlərdə rəsmi Tiflisin yürütdüyü Qərb siyasətinin bir daha doğru olduğunu ifadə edərək, bu siyasətin davam etdirilməsinin ölkələrinin gələcəyi üçün vacibliyini qeyd ediblər.

Baş nazir İrakli Kobaxidze: “Müəyyən qüvvələrin Gürcüstanda “Ukrayna ssenarisi”nin tətbiqi üçün cəhdləri baş tutmayıb. Gürcüstanın güzəştsiz mövqeyi və mübarizəsi sayəsində ölkə üçün neqativ ssenaridən xilas olmaq mümkün olub. Bu, böyük səylər tələb etdi. Gürcüstanda sülhün qorunub saxlanılması üçün mübarizə apardığımıza görə güclü təzyiqlər və ədalətsiz yanaşmalarla üzləşdik. Bizim etdiklərimizi təəssüf ki, dost ölkə olan Ukrayna edə bilmədi. Bu çox faciəvi hadisədir. Müharibənin acınacaqlı humanitar nəticələri hamıya məlumdur. Gürcüstan əmin-amanlığın və bundan sonrakı iqtisadi inkişafın qorunub saxlanılması üçün mübarizəni davam etdirməlidir”.

Tiflis meri Kaxa Kaladze: “Gürcüstan xalqının özündən başqa, AB və ya ABŞ-dan heç kim Gürcüstana gəlib respublikanın maraqlarını müdafiə etməyəcək. Dəfələrlə demişəm və bir daha təkrar edirəm, heç kim düşünməməlidir ki, Avropadan və ya Amerikadan kimsə bizim maraqlarımızı qorumaq üçün gələcək. Hər kəsin öz maraqları var, hər kəs öz ölkəsi haqqında düşünür və təbii ki, biz gürcülər ilk növbədə ölkəmiz, xalqımız və gələcəyimiz haqqında düşünməliyik. Yadınızdadırmı, bizi necə tənqid edirdilər, birbaşa təhdid edirdilər, qətnamələr qəbul edirdilər, sanksiyalar tətbiq etməyimizi tələb edirdilər, bununla da ölkəmizə, iqtisadiyyatımıza və xalqımıza zərər verirdilər. Bunlar adi ikili standartlardır. Hər kəs öz maraqlarına əsaslanaraq hərəkət edir”.

Gürcüstan iqtidarı son nöqtəni qoydu? Bir daha Avropa yolu gedilməyəcək?

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirdi ki, son dövrlərdə Gürcüstan siyasətçilərinin Avropa və Amerika ilə bağlı səsləndirdiyi açıqlamalar göstərir ki, onlar Azərbaycanın xarici siyasət strategiyasını nümunə götürürlər: “Azərbaycan öz maraqlarını qorumaq üçün balanslı və çevik xarici siyasət yürüdür, heç bir qüvvənin yanında tam mövqe tutmur, bütün tərəflərlə əlaqələrini tarazlayır. Bu, onun milli təhlükəsizliyini gücləndirir və regionda öz mövqeyini möhkəmləndirməsinə şərait yaradır. Hər kəs başa düşür ki, başqa dövlətlərin təsiri altında olmaq risklidir. Ukraynanın təcrübəsi isə bunun əksini göstərir. Orada hökumət Qərbə çox güvəndi, lakin bu etibar özünü doğrultmadı. Nəticədə dövlətin ərazi bütövlüyü təhdid altında qaldı, təhlükəsizlik zəiflədi və xalq ağır fəlakət yaşadı. Ukrayna bugünkü vəziyyətdə tam suverenliyini bərpa edə bilmir və regional güc balansını itirmiş vəziyyətdədir. Bu, hər kəs üçün aydın dərsdir: xarici qüvvələrə etibar etmək təhlükəli və səmərəsizdir. İndi Gürcüstan siyasətçiləri də başa düşməyə başlayırlar ki, kiminsə əlində vasitə olmaq region maraqlarına ziddir. Əsas olan, qonşu ölkələrlə sağlam münasibət qurmaq, regional əməkdaşlığı gücləndirmək və xarici təsirlərə qarşı öz müstəqilliyini qorumaqdır. Arada müəyyən fikir ayrılıqları və kiçik gərginliklər ola bilər, amma bu, normal siyasi prosesdir. Əsas odur ki, regiondan kənar qüvvəyə güvənmək deyil, milli və regional maraqların qorunması prioritet olsun. Azərbaycan modeli burada praktik dərs rolunu oynayır: balanslı siyasət, öz gücünü səfərbər etmə, regional tərəfdaşlarla əməkdaşlıq – bunlar ölkəni təhlükələrdən qorumağın əsas vasitələridir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR