İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban bazarında gözlər son günə dikilib: Qiymətlər qalxıb? - Video

803 26.05.2026 20:07 Gündəm A A

İslam aləminin ən müqəddəs bayramlarından sayılan Qurban bayramına çox az zaman qalıb. Ölkəmizdə bayram mayın 27-si və 28-də qeyd olunacaq. Bayram yaxınlaşdıqca heyvan bazarlarında da hərəkətlilik hiss olunmağa başlayıb. İnsanlar bir-bir bazarlara üz tutur, qurbanlıq heyvanların qiymətləri ilə maraqlanırlar. Kimi büdcəsinə uyğun heyvan axtarır, kimi isə bayram ərəfəsində qiymətlərin əvvəlki günlərlə müqayisədə yüksəldiyini deyir.

TV Musavatın əməkdaşı bayramqabağı vəziyyəti yerində izləmək üçün bir neçə heyvan bazarında olub. Satıcılarla söhbət zamanı məlum olub ki, ötən illə müqayisədə ciddi bahalaşma qeydə alınmasa da, bazarda qiymət fərqləri hiss olunur. Onların sözlərinə görə, qiymətlərdəki dəyişiklik təkcə satıcılardan yox, ümumi bazardakı bahalaşmadan qaynaqlanır.

Satıcılar bildirirlər ki, alıcıların böyük əksəriyyəti daha çox xırdabuynuzlu heyvanlara üstünlük verir. Bu heyvanların qiyməti isə əsasən diri çəkiyə görə hesablanır - kiloqramı 10 manatdan başlayır.

Satıcılar alıcılıq qabiliyyətinin hələlik ürəkaçan olmadığını deyirlər. Onların sözlərinə görə, əvvəlki illərlə müqayisədə bazarda ciddi canlanma hiss edilmir. Əsas ümid isə ənənəvi olaraq bayram səhərinə qalıb.

Bayram ovqatı artıq hiss olunsa da, gözlənilən bazar canlanması hələ tam görünmür. Ümumi mənzərə onu deməyə əsas verir ki, insanlar bu il bayram xərclərinə daha ehtiyatla yanaşırlar. Satıcılar isə ümidlərini son günlərə bağlayıblar. Ola bilsin ki, mayın 26-da bayram təlaşı bazardakı sükutu pozsun. Hələliksə qurban bazarında sakitlik hökm sürür.

Şahanə Rəhimli
Musavat. com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR