ABŞ-da tanınmış mühafizəkar jurnalist Taker Karlson radikal İslam, İsrail və 11 sentyabr hadisələri ilə bağlı sərt və qalmaqallı açıqlamalar verib.
Musavat.com xəbər verir ki, o, ictimai rəyə sırınan təhlükə anlayışlarının reallığı əks etdirmədiyini bildirib.
Karlsonun sözlərinə görə, son 24 il ərzində ABŞ-da radikal İslam tərəfindən öldürülmüş heç kimi tanımır. Jurnalist vurğulayıb ki, bu müddətdə milyonlarla amerikalının həyatı məhv edilib, lakin bunun heç biri radikal İslamın əli ilə baş verməyib. Onun fikrincə, cəmiyyətə süni qorxu narrativləri sırınır və real sosial-iqtisadi problemlər kölgədə qalır.
Taker Karlson İsrailin ABŞ üçün “vacib müttəfiq” olması tezisini də açıq şəkildə şübhə altına alıb. O bildirib ki, İsrail nəinki müttəfiq deyil, əksinə, ABŞ üçün ciddi yükə çevrilib. Jurnalist deyib ki, antisemitizmi açıq şəkildə əxlaqsız adlandırdığı bir çıxışdan cəmi iki gün sonra ona “İlin Antisemiti” mükafatı verilib. Karlsonun fikrincə, təbliğatçılar üçün həqiqət anlayışı əhəmiyyət daşımır.
O, xüsusilə gənclərə toxunaraq qeyd edib ki, iş tapa bilməyən, ev ala bilməyən amerikalı gənclərin problemlərinin səbəbinin “radikal İslam” olduğuna inandırılması misilsiz təbliğat uğurudur. Karlson bu vəziyyəti “tarixin ən təsirli beyin yuma əməliyyatlarından biri” kimi xarakterizə edib.
Jurnalist 11 sentyabr terror hadisələri ilə bağlı da diqqətçəkən sual səsləndirib: əgər radikal İslam həqiqətən ən böyük təhlükədirsə, niyə tanınmış siyasi şərhçi Ben Şapiro ABŞ hökumətindən 11 sentyabr sənədlərinin tam açıqlanmasını tələb etmir? Karlsonun fikrincə, 11 sentyabr hadisələri illərdir ictimaiyyətə təqdim edildiyi formada olmayıb və bu mövzu hələ də ciddi suallar doğurur.
Musavat.com






