Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Cenevrədə aparılan diplomatik təmasların həlledici mərhələyə çatdığını vurğulayaraq, tərəfləri cəsarətli addımlar atmağa çağırıb.
Musavat.com xəbər verir ki, o, 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra yaranmış status-kvonun çox kövrək olduğunu qeyd edib.
Qrossinin bəyanatındakı ən kritik 3 məqam:
"Nüvə materialları hələ də oradadır": Qrossi sensasion bir faktı açıqlayıb: 2025-ci ilin iyunundakı bombardmanlar bəzi obyektlərə ziyan vursa da, İranın topladığı nüvə materiallarının böyük hissəsi hələ də yerindədir və toxunulmaz qalıb.
Hərbi təhlükə realdır: "Əgər tezliklə razılaşma əldə olunmasa, regionda yeni və daha dağıdıcı hərbi əməliyyatların başlaması qaçılmazdır. Biz bu ssenaridən qaçmalıyıq".
Hazırlıq var, amma...: MAQATE rəhbəri həm Vaşinqtonun, həm də Tehranın razılığa gəlmək istəyini gördüyünü, lakin ciddi fikir ayrılıqlarının hələ də qaldığını və zamanın onların əleyhinə işlədiyini vurğulayıb.
Qrossi eyham vurub ki, keçən ilki hərbi müdaxilə İranın nüvə proqramını tam dayandıra bilməyib. Əksinə, bu, Tehranın nəzarət mexanizmlərini məhdudlaşdırmasına və fəaliyyətini daha dərindəki bunkerlərə daşımasına səbəb olub. Buna görə də, MAQATE yeganə çıxış yolunu "texniki cəhətdən yoxlanıla bilən" yeni bir sazişdə görür.
Cenevrə masasında nə gözlənilir?
Diplomatik mənbələrə görə, hazırda masada İranın uran zənginləşdirmə səviyyəsini 3.67%-ə endirməsi müqabilində bəzi sanksiyaların dərhal dondurulması planı var. Lakin Tehran 2025-ci ilin zərərinin ödənilməsini və təhlükəsizlik zəmanətləri tələb edir.
Musavat.com






