İlk yayın vaxtı 00:56
Musavat.com xəbər verir ki, müğənni Rəqsanə İsmayılova jurnalist Səidə Bəkirqızına ünvanladığı üzrxahlıq videosu ilə ictimaiyyət qarşısında geri addım atıb. Sözügedən video sosial şəbəkələrdə yayılıb və qısa zamanda geniş müzakirələrə səbəb olub.
Yayılan görüntülərdə Rəqsanə İsmayılovanın birbaşa Səidə Bəkirqızına müraciət edərək baş vermiş qalmaqalla bağlı üzr istədiyi açıq şəkildə görünür. Müğənni videoda əvvəlki davranışına görə peşmançılıq ifadə edir.
Musavat.com xatırladır ki, jurnalistlə müğənni arasında ciddi qarşıdurma Səidə Bəkirqızının öz YouTube kanalında Rəqsanə İsmayılovanın iç geyimdə (body geyimdə) çəkilmiş video və fotolarını tənqid etməsindən sonra başlayıb. Jurnalist həmin görüntüləri şərh edərək müğənninin ailə həyatı ilə bağlı suallar səsləndirib və bu mövzuda ironik, iynəli ifadələr işlədib.
Bu çıxış ictimai müzakirə yaradıb və sosial şəbəkələrdə geniş rezonans doğurub.
Tənqidlərdən sonra Rəqsanə İsmayılova sosial şəbəkədə canlı yayım açaraq jurnalistə sərt cavab verib. Həmin yayımda müğənni Səidə Bəkirqızının valideynlərini, xüsusilə də dünyasını dəyişmiş atasını təhqir edib, jurnalistin şəxsi həyatı ilə bağlı etikadan kənar və ağır ifadələr səsləndirib.
Bu çıxışdan sonra tərəflər arasındakı münasibətlər daha da kəskinləşib və məsələ artıq şəxsi çəkişmə çərçivəsindən çıxaraq hüquqi müstəviyə keçib.
Jurnalist Səidə Bəkirqızı baş verənləri şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. Şikayətdə müğənninin davranışlarının cinayət tərkibli olduğunu əsas gətirən jurnalist Rəqsanə İsmayılovanın 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.
Səidə Bəkirqızı açıq açıqlamalarında bildirib ki, nə üzrxahlıq, nə də maddi kompensasiya onun üçün qəbulediləndir və məsələni sona qədər məhkəmə müstəvisində davam etdirəcək.
Məsələyə diqqət çəkən əsas məqamlardan biri də Rəqsanə İsmayılovanın hazırkı hüquqi statusudur. Musavat.com-un məlumatına görə, müğənni bir müddət əvvəl dələduzluq ittihamı ilə həbs olunmuş, sonradan isə şərti azadlığa buraxılmışdı.
Bu baxımdan, jurnalistin şikayətinin davam etməsi və məhkəmədə müsbət nəticələnməsi Rəqsanə İsmayılova üçün yenidən həbs riski yarada bilərdi. Müşahidəçilər hesab edirlər ki, üzrxahlıq videosu ya bu hüquqi riskin fərqinə varılması, ya da həqiqi peşmançılıq fonunda atılmış addımdır.
Hazırda jurnalist Səidə Bəkirqızının müğənninin üzrxahlıq videosuna rəsmi reaksiyası yoxdur. Jurnalistin əvvəlki açıqlamaları isə göstərir ki, o, barışıq variantına isti yanaşmır və hüquqi mübarizəni davam etdirmək niyyətindədir.
Məsələ ilə bağlı hadisələrin necə inkişaf edəcəyi, üzrxahlığın məhkəmə prosesinə təsir edib-etməyəcəyi yaxın saatlarda aydınlaşacaq.
Musavat.com






