İrəvanda bu gün məhdud sayda şəxsin iştirakı ilə növbəti aksiya keçirilib.
Musavat.com xəbər verir ki, revanşist dairələr ABŞ-ın vitse-prezidenti J.D.Vancein İrəvana səfərindən fürsət kimi istifadə edərək guya Azərbaycanda saxlanılan erməni əsilli cinayətkarların məsələsinə beynəlxalq diqqət cəlb etməyə çalışıblar.
Aksiya iştirakçıları Bakıda həbs edilən şəxsləri “əsir” kimi təqdim etməyə cəhd göstərsələr də, bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Həmin şəxslər Azərbaycan məhkəmələrinin qərarları ilə konkret və sübuta yetirilmiş cinayətlərə görə məsuliyyətə cəlb olunublar. Söhbət Azərbaycan xalqına qarşı ağır cinayətlərdən, o cümlədən Xocalı soyqırımı epizodlarından, ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş əməllərdən gedir. Bu cinayətlər istintaq materialları ilə tam sübuta yetirilib və məhkəmə hökmü ilə hüquqi qiymətini alıb.
İrəvandakı aksiyanın gedişi də təşkilatçıların iddialarının cəmiyyətdə ciddi dəstək tapmadığını açıq şəkildə göstərib. Meydana cəmi bir neçə onlarla şəxs çıxıb və aksiya kütləvi xarakter daşımayıb. Bu fakt revanşist dairələrin cəmiyyət daxilində real dayaqlara malik olmadığını bir daha ortaya qoyub.
Aksiyanın sonunda vitse-prezidentə ünvanlanan kollektiv məktubun imzalanması isə daha çox siyasi şou təsiri bağışlayıb.
Çünki Bakıda saxlanılan şəxslər “siyasi məhbus” yox, konkret cinayətlər törətmiş və bu cinayətləri sübuta yetirilmiş şəxslərdir. Revanşist dairələrin bu faktı ört-basdır etmək cəhdləri isə iflasa məhkumdur.
Musavat.com






