İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo üçün futbol deyil, zamanla yarış başlayır - Səhər açılanda bəziləri pley-offda, bəziləri tarixdə olacaq...

1053 23.06.2026 13:50 İdman A A

Dünya çempionatı-2026 çərçivəsində iyunun 23-24-də keçiriləcək oyunlar bəzi ölkələr üçün ölüm-dirim savaşı olacaq. Həm K, həm də L qruplarında qazanılacaq nəticələr vəziyyəti kökündən dəyişəcək.

Oxucuların diqqətinə bir daha çatdıraq ki, turnirin yeni formatında qrup birinciləri və ikinciləri birbaşa pley-offa çıxır, ən yaxşı göstəricilərə sahib səkkiz ölkə də növbəti mərhələyə yüksələcək. Bu mərhələdə 48 millidən 16-sı vaxtından əvvəl mundiala əlvida deyəcək. Buna görə də ikinci turun nəticələri bəzi komandalar üçün vaxtından əvvəl vəsiqə, bəziləri üçün isə faktiki ələnmə demək olacaq.

WhatsApp Image 2026-06-23 at 13.10.59 (1).jpeg (83 KB)

Portuqaliya-Özbəkistan dueli bu gün 21:00-da start götürəcək.

Qrupun ilk turunda Portuqaliya hamının gözlədiyi kimi çıxış etmədi. Roberto Martinesin komandası Konqo DR ilə 1:1 hesablı heç-heçə etdi və ciddi tənqid olundu.

Futbol dünyasının hazırkı iki ulduzundan biri sayılan Kristiano Ronaldonun performansı da müzakirə mövzusuna çevrildi.

WhatsApp Image 2026-06-23 at 13.06.51.jpeg (357 KB)

Özbəkistan isə mundial debütündə Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub. Əgər bu qarşılaşmada Portuqaliya qalib gəlsə, son tur öncəsi pley-off yolunda böyük üstünlük əldə edəcək. Heç-heçə Portuqaliyanı yenidən riskli vəziyyətə salacaq. Məğlubiyyət isə Ronaldolu komandanı sensasion şəkildə qrupdan çıxmamaq təhlükəsi ilə üz-üzə qoyacaq. Ronaldo son şanslarından maksimum şəkildə yararlanmağa çalışacaq. 41 yaşlı əfsanə üçün bu mundial böyük ehtimalla son dünya çempionatıdır. Konqo ilə matçda gözləntiləri doğrultmayan Ronaldo indi bütün diqqət mərkəzindədir. Martines onu müdafiə etsə də, Portuqaliya ictimaiyyəti daha məhsuldar oyun gözləyir.

Proqnozlarda Portuqaliyanın qələbəsi gözlənilir. Hətta Ronaldonun qol vurmaq ehtimalı kifayət qədər yüksək dəyərləndirilir. Bir sözlə, bu oyunda Portuqaliyanın keyfiyyət fərqi öz sözünü deməlidir. Əks halda, haqlı sual meydana çıxacaq ki, mundialda o zaman nə işin var idi?

Günün ikinci qarşılaşması gecə 00:00-da başlayır. İngiltərə ilə Qana üz-üzə gəlir.

Bu, L qrupunun mərkəzi oyunu hesab olunur. İngiltərə ilk turda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Harri Keyn dubla imza atıb və komanda turnirə əla başlayıb. Qana isə Panamanı son dəqiqələrdə vurduğu qolla 1:0 hesabı ilə üstələyib. İngilislər qalib gəlsələr, 6 xalla demək olar ki, pley-off vəsiqəsini təmin edəcəklər. Qana qələbə qazanarsa, qrup liderliyinə yüksələ bilər. Heç-heçə hər iki komandanı son turadək əlverişli vəziyyətdə saxlayacaq. Ehtimallarda İngiltərə daha şanslı görünür. Keyn və Bellinqemin liderliyi altında "Üç Şirlər" növbəti qələbəyə yaxındır.

WhatsApp Image 2026-06-23 at 13.07.51.jpeg (522 KB)

Bu qrupun digər oyunu Panama-Xorvatiyadır. 24 iyun, 03:00-da start fiti çalınacaq.

Bu oyun artıq "ölüm-dirim" xarakteri daşıyır. Panama ilk turda Qanaya uduzub. Xorvatiya isə qeyd etdiyimiz kimi, İngiltərəyə məğlub olub. L qrupunda hansı ölkə hazırda daha çox risk altındadır sualına gəlincə, deyə bilərik ki, məğlub olan komanda faktiki olaraq mundialla vidalaşa bilər. Xüsusilə də qrupun digər oyununda qalib müəyyənləşərsə. Xorvatiyanın heyət keyfiyyəti və təcrübəsi üstün görünür. Panama isə tarixi nəticə üçün mübarizə aparır. Proqnozlarda Modriçli Xorvatiya qələbəyə yaxın göstərilir. Bir sözlə, Balkan təmsilçisinin təcrübəsi həlledici ola bilər. Səhərə yaxın, daha da dəqiqləşdirsək, 06:00-da Kolumbiya-Konqo DR münasibətlərinə aydınlıq gələcək. Bəlkə də gecənin ən maraqlı qarşılaşması elə budur. Çünki Kolumbiya ilk turda Özbəkistanı 3:1 hesabı ilə məğlub edib və hazırda liderdir.

WhatsApp Image 2026-06-23 at 13.08.28.jpeg (694 KB)

Konqo DR isə Portuqaliyadan xal almaqla bütün futbol dünyasının diqqətini çəkib. Kolumbiya qalib gəlsə, böyük ehtimalla pley-offa yüksələn növbəti komandalardan biri olacaq. Əksi olsa, Konqo DR qrupun əsas favoriti statusuna yiyələnəcək. Heç-heçə hər iki komandanın son tur öncəsi şanslarını əlverişli vəziyyətdə saxlayacaq. Bu oyunda Kolumbiya qalibiyyət üçün bir addım öndə göstərilir. Afrikalılar yenə sürpriz edə bilər, lakin Kolumbiyanın hücum xətti daha güclü görünür.

Gələk bu ana qədər mundialla vidalaşması dəqiqləşən komandalara…

İkinci turun sonuna yaxın artıq bəzi millilərin pley-off şansları tamamilə tükənib. DÇ-2026-nı tərk etməsi rəsmiləşən və ya son turun nəticəsindən asılı olmayaraq növbəti mərhələyə çıxmaq şansını itirən dövlətlər bunlardır:

Avstriya

İordaniya

İraq

Tunis

Bu komandalar iki turdan sonra lazımi nəticələri əldə edə bilməyiblər və pley-off yarışından kənarda qalıblar. Doğrudur, başqa ölkələr də var ki, 99 faiz mundialı tərk edəcəkləri dəqiqdir. Məsələn, qardaş Türkiyə. Amma nəzəri cəhətdən bu milli komandaların şansları qalır.

WhatsApp Image 2026-06-23 at 13.11.00.jpeg (66 KB)

Bu gecənin əsas sualı birmənalı şəkildə budur: Kristiano Ronaldo Konqo ilə uğursuz oyunu unutdurub Portuqaliyanı qələbəyə daşıya biləcəkmi? Əgər bunu bacarsa, Portuqaliya son turda Kolumbiya ilə qrup liderliyi uğrunda döyüşəcək. Əks halda isə 2026 mundialının ən böyük sensasiyalarından biri baş verə bilər.

WhatsApp Image 2026-06-23 at 13.06.52.jpeg (505 KB)

Şübhəsiz ki, necə çıxış etməsindən asılı olmayaraq, Ronaldonun son dünya çempionatı olduğu üçün nəzərlər ulduz futbolçuya və millisinə daha çox yönəlib...

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR