İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ruben Vardanyan işi” – hər ifadə ayrılıqda bir CİNAYƏT DOSYESİDİR

562 05.12.2025 11:24 Kriminal A A

Bu gün, dekabrın 5-də Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Ruben Vardanyanın çoxcildli cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Hazırda Bakı Məhkəmə Kompleksində keçirilən proses 30 il ərzində Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin və terror aktlarının hüquqi qiymət aldığı tarixi məqamdır. Hakim Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən Ruben Vardanyan bildiyi rus dili üzrə tərcüməçi və dövlət hesabına müdafiə ilə təmin edilib.  Hazırda prosesdə Qarabağda törədilən ağır müharibə cinayətləri üzrə şahidlər, zərərçəkmiş şəxslər ifadə verirlər. Ötən proses zərərçəkmişlərin ifadələri ilə yadda qaldı.

Zərərçəkmiş Elşən Babayev dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən Ağdərə ərazisində tankəleyhinə mərminin partlaması ilə əsgərlər Tural Əmirov və Elçin Salmanovun həlak olduğunu, özünün və Yusif Həsənovun isə yaralandığını bildirdi. Zərərçəkmiş Elvin Məmmədov isə Xocalının Sərdarkənd kəndi istiqamətində minaatan mərmisinin partlaması ilə aldığı xəsarətlərdən danışdı. O, qeyd etdi ki, həmin vaxt ərazidə düşmən minaatanlardan, snayperlərdən və digər silahlardan fasiləsiz atəş açıb. Xalid Şükürlü Malıbəyli kəndində minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını, Sadiq Məmmədov və Nicat Əhmədzadənin də eyni hadisədə yaralandığını açıqlayıb. Taleh Hümbətzadə Xocavəndin Yenikənd kəndində Ermənistan ordusunun qalıqlarının atdığı artilleriya mərmisinin yaxınlıqda partlaması nəticəsində yaralandığını, Cavid Şavqatlının da eyni şəkildə xəsarət aldığını bildirdi. Fazil Əmirli Malıbəyli istiqamətində düşmənin açdığı atəşlə yaralandığını, Seyfəddin Cabbarov və Kamran Nəcəfovun da həmin hücumun qurbanı olduğunu dedi. İlqar Qasımov isə Xocalı istiqamətində düşmən tərəfindən basdırılmış mina partlayışı nəticəsində özünün və Hüseyn Hüseynovun yaralandığını vurğuladı.

Məhkəmədə zərərçəkmişlərin səsləndirdiyi bu ifadələr bir daha təsdiqləyir ki, müttəhim Ruben Vardanyanın rəhbərlik etdiyi, maliyyələşdirdiyi və koordinasiya etdiyi qanunsuz silahlı dəstələr uzun illər Azərbaycan mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə cinayətlər törədiblər. Müttəhim Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin ən ağır maddələri müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, deportasiya, işgəncə, qanunsuz silahlı birliklərin yaradılması, qəsdən adam öldürmə və daha onlarca ağır maddə ilə ittiham olunur. Bu ittihamların hər biri arxasında qətllər, yaralanmalar, dağıdılmış kəndlər, azadlığından məhrum edilmiş, ömürlük şikayət edilmiş insanlar, işgəncə qurbanları var. Ruben Vardanyana verilmiş ittihamlar faktiki olaraq beynəlxalq tribunal səviyyəsindədir.  Hazırda məhkəmə iclası cinayət işinin materiallarının və digər sübutların tədqiqi ilə davam edir. İclasda  zərərçəkmişlərin ifadələri, ekspert rəyləri, sənəd və sübutlar üzrə araşdırmaların davam etdirilməsi gözlənilir. 

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR