ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısını buraxacaq. Onun əvəzinə ABŞ-ı tədbirdə Dövlət Departamentinin nümayəndəsi, müavin vəzifəsində çalışan Kristofer Landau təmsil edəcək.
Musavat.com-un məlumatına görə agentliyin analitik qeydlərində bildirilir ki, Rubionun iştirak etməməsi xüsusilə Ukrayna üçün kritik məqamda baş verir və bu addım Avropada ABŞ-ın qitənin təhlükəsizliyinə sadiqliyi ilə bağlı şübhələri daha da gücləndirib.
Ukrayna və bir sıra Avropa rəsmiləri Vaşinqtonun bu davranışını “narahatedici siqnal” kimi qiymətləndirirlər. Onların fikrincə, ABŞ-ın yüksək səviyyəli iştirakdan imtina etməsi, tərəfdaşları “Rusiyanın xeyrinə olan, ədalətsiz sülh razılaşmasına” doğru itələyə biləcək bir siyasi kursun göstəricisi ola bilər.
Diplomatik mənbələr həmçinin qeyd edirlər ki, toplantının gündəliyində Ukraynanın müdafiə ehtiyacları, Avropanın hərbi təhlükəsizliyi və NATO-nun uzunmüddətli strategiyası kimi məsələlər dayanırdı və belə bir mərhələdə ABŞ-ın zəif təmsil olunması həm siyasi, həm də simvolik cəhətdən ciddi narazılıq yaradır.
Musavat.com






