Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov işğal olunmuş Ukrayna ərazisində olduğu deyilən hərbi məntəqədə müşavirə keçiriblər.
Müşavirə zamanı Putin Kupyanskda Ukrayna Silahlı Qüvvələrinin 15 batalyonunun mühasirəyə alındığını, şəhərin ələ keçirildiyini deyib. Eyni zamanda o, Pokrovskın da mühasirədə olduğunu bildirib.
RBC-Ukrayna müşavirədən maraqlı məqamları qeyd edib. Belə ki, əvvəlcə Putin iddia edib ki, Xarkov vilayətinin Kupyansk şəhərində "15-ə qədər Ukrayna Silahlı Qüvvələri batalyonu" "blokadada"dır. Daha sonra, bir neçə dəqiqə keçmiş Gerasimov şəhərin artıq "azad edildiyini" deyib. Putin bunu eşitməzliyə vurub və Rusiyanın məlumatına görə, Kupyansk və Pokrovskda yerləşən "mühasirəyə alınmış bölmələr"in guya "tam təslim olması" üçün "şərtlərin təmin edilməsini" tapşırıb.
Bundan əlavə, Rusiya prezidenti Kostyantinovkada "şəhərdaxili döyüşlər" getdiyini bildirib.
Putin həmçinin Ukrayna hakimiyyətinin legitim olmadığını iddia edib. Ukraynadakı müharibənin bütün məqsədlərinə "mütləq nail olunacağını" bildirib.
Maraqlıdır ki, Putin oktyabrın 27-də analoji müşavirədə Kupyansk və Pokrovskın artıq tam Rusiyanın nəzarətində olduğunu bildirib, hətta mətbuatı həmin şəhərlərə dəvət edib.
Ukrayna tərəfi isə bəyan edir ki, Kupyanskdakı vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün xeyli yaxşılaşıb. Kupyanskdakı Rusiya mövcudluğu əhəmiyyətli dərəcədə azaldılıb - şəhərdə 50-dən az rus hərbçisi qalıb. Ruslar logistikadan məhrum ediliblər və qismən şəhərdən qovulublar.
Bundan əlavə, Ukrayna qüvvələri düşmənin şəhərin şimal hissəsində möhkəmlənməsinin qarşısını alır. Buna görə də işğalçılar şəhər üzərində nəzarət illüziyası yaratmağa çalışaraq Kupyansk ərazisində informasiya əməliyyatı başladıblar.
Pokrovska gəldikdə, Ukrayna 7-ci Hava-Desant Hücum Korpusu rus işğalçılarının şəhəri keçməyə və şəhərin şimal-qərbindəki Qrişino kəndini ələ keçirməyə çalışdıqlarını açıqlayıb: Onlar Pokrovskdakı müdafiəni yarmaq iqtidarında deyillər: dörd gün ərzində ruslar bu cəhdlərdə təxminən 500 əsgər itiriblər.
Qeyd edək ki, Putinin qəfildən cəbhə xəttinə gedərək, real olmayan qələbə xəbərlərini tirajlaması ABŞ rəhbərliyinə hesablanmış gediş kimi qiymətləndirilir. Donald Tramp administrasiyası daha çox Rusiyanın maraqlarına cavab verən sülh planını irəli sürməkdədir. Putin cəbhədə Ukraynanın ağır duruma düşdüyünü iddia etməklə ABŞ-dan Kiyevə təzyiqlərin artmasına nail olmağa çalışır.
Musavat.com






