Rusiya Silahlı Qüvvələri Odesa vilayətində yerləşən DTEK enerji infrastrukturuna növbəti raket zərbəsi endirib.
Musavat.com xəbər verir ki, şirkətin rəsmi açıqlamasında bildirilir ki, hədəfə alınmış obyekt kəskin şəkildə zədələnib və infrastruktura dəyən ziyanın miqyası “böyük” kimi qiymətləndirilir.
Zərbə nəticəsində bölgədə genişmiqyaslı enerji kəsintisi yaranıb. Təkcə Odesa vilayətində 51 800 ailə işıqsız qalıb. Şirkət bildirir ki, təmir işləri dərhal başlayıb, lakin dağıntıların həcmi səbəbindən enerji təchizatının bərpası bir qədər vaxt aparacaq.
DTEK-in məlumatına görə, mühəndis qrupları ərazidə təhlükəsizlik təmin edildikdən dərhal sonra bərpa işlərinə cəlb olunub. Lakin zədələnmiş avadanlığın dəyəri və tam təmir müddəti barədə şirkət hələlik açıqlama vermir.
Bu hücum Odesa vilayətində enerji infrastrukturuna yönəlmiş son hücumlardan biridir və Ukrayna energetika sistemində əlavə gərginlik yaradır. Rəsmi Kiyev Rusiyanın mülki enerji obyektlərini hədəf almasını “enerji terroru” adlandırır, Moskva isə zərbələrin “hərbi infrastruktur”a endirildiyini iddia edir.
Hazırda regionda enerji təchizatı qismən bərpa olunur, lakin on minlərlə abonent hələ də işıqsızdır.
Musavat.com






