Rusiya hərbi qüvvələri Ukraynanın paytaxtı Kiyevə və digər vilayətlərinə görünməmiş miqyasda kütləvi və kombinə edilmiş zərbələr endirib.
Musavat.com xəbər verir ki, hücum zamanı Kiyevin tarixi rəmzlərindən sayılan məşhur Kiyev-Peçerska lavrasında güclü yanğın baş verib. Məlumata görə, alov lavranın baş məbədi olan Müqəddəs Məryəmin Tanrıya tapşırılması (Uspenski) kafedralının dam örtüyünü bürüyüb və yanğının sahəsi 800 kvadratmetrə çatıb. Məbəddəki müqəddəs əşyaların və dini ləvazimatların xilas edilməsi üçün təcili təxliyə işləri təşkil olunub.
Eyni zamanda hücum nəticəsində Aleksandr Dovjenko adına Milli Kinostudiya da ağır zərbə alıb. Studiyanın geyim sexi tamamilə sıradan çıxıb. Ukrayna mədəniyyət naziri Tatyana Berejnaya hadisə ilə bağlı etdiyi bəyanatda Ukraynanın ən böyük və ən qədim geyim kolleksiyasının məhv edildiyini, studiyada təxminən yüz min bədii kostyumun və üç milyon geyim əşyasının külə döndüyünü bildirib.
Kütləvi hava hücumu paytaxtın bütün 10 rayonundakı yaşayış binalarına da ciddi ziyan vurub. Şəhərdə infrastruktura dəyən zərər səbəbindən təxminən 140 min sakin işıqsız qalıb. Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəsmi hesabatına əsasən, Rusiya ordusu gecə ərzində Ukrayna ərazisinə müxtəlif tipli 70 raket və 611 PUA buraxıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri və radioelektron mübarizə (REM) vasitələri ilə 50 raket və 582 pilotsuz aparatı zərərsizləşdirə bilsə də, ümumilikdə 42 müxtəlif lokasidə 20 ballistik raketin və 27 zərbə dronunun hədəflərə dəydiyi, həmçinin vurulan PUA qalıqlarının 12 fərqli yerə düşdüyü qeyd olunub.
Musavat.com






