İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Şahin Şıxlinskini 37-ci illərin repressiyası ilə mühakimə edir - 8 il öncə...

907 12.12.2025 17:17 Gündəm A A

Rusiyada həbsdə olan, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski ötən əsrin 30-cu illərində repressiya həyatı yaşayanların taleyini yaşamaqdadır. Belə ki, artıq onun işi məhkəməyə göndərilib və məlum olub ki, yekun ittiham aktını elan edənlər də, işi aparan və ifadə verənlər də ermənilərdir.

Sovet dövründə də azərbaycanlı ziyalılara, vətənpərvər insanlara qarşı belə üsullardan, yəni ermənilərdən maşa kimi istifadə olunmuşdu. Görünən odur ki, sadəcə illər və əsr dəyişib. Rus təfəkkürü və digər xalqlara imperiya düşüncəsi ilə yuxarıdan aşağı baxmaq, onları əzmək niyyəti hələ də dəyişməyib. Şahin Şıxlinski nümunəsi bunun bariz sübutudur. Amma bir deyim var: "Kişinin də qoluna gərək qandalı kişi vursun..."

AZAL SON.jpg (163 KB)

Bu iş bir daha göstərir ki, təyyarə qəzasının bir ili tamam olur, Rusiyada hələ də anti-Azərbaycan siyasəti dayanmaq bilmir. Oradakı soydaşlarımıza qarşı sanki "səlib yürüşü" başladılıb. Azərbaycanlılar sıxışdırılır, vəzifədə olanlar postlarından uzaqlaşdırılır. Təəssüflər olsun ki, bu prosesdə də Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi başlıca rol oynayır. Heç şübhəsiz ki, burada da başlıca məqsəd Azərbaycan diasporasını zəiflətməkdir. Həm də niyyət azərbaycanlıları özlərinə tabe etməkdir.

Təsadüfi deyil ki, Şahin Şıxlinskinin həbsindən sonra bir oyun quruldu. Belə ki, onun yerinə gətirilən Vidadi Mustafayev də ağır ittihamlarla həbs olundu. Onun kriminalla bağlılığını gizlədə bilmədilər.

VİDADİ.jpg (74 KB)

Əslində bu proses 2017-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə başlamışdı. Həmin vaxt bir sıra diaspora rəhbərləri ya həbs olundular, ya da ölkədən çıxmağa məcbur qaldılar. O zamandan "düymə yuxarıdan basılıb". İndi sadəcə bu prosesin son akkordlarını həyata keçirirlər.

Hazırda Şahin Şıxlinski ilə bağlı yaşananlar, onun cinayət işinin erməniəsilli müstəntiq tərəfindən aparılması, eyni zamanda erməniəsilli DİN əməkdaşının ifadəsi üzrə ona ittihamların elan olunması şimal qonşumuzda soydaşlarımıza qarşı münasibətin birbaşa göstəricisidir.

Amma Rusiya tərəfi unutmasın ki, bu məsələlərin həlli yolları etibarlı əllərdədir. Birbaşa şəxsən Azərbaycan dövlətinin və onun möhtərəm, cənab Prezidenti İlham Əliyevin diqqətindədir. Unutmaq olmaz ki, məhz Ali Baş Komandanın səyləri nəticəsində Voronejin diaspora rəhbəri Yusif Xəlilov azad edildi. Hazırda Şahin Şıxlinski məsələsi də nəzarətdədir və onun da azad ediləcəyinə olan ümidlər böyükdür.

YUSİF.jpg (141 KB)

Kreml unutmasın ki, hələ də Azərbaycan təyyarəsini vurmağa görə rəsmi Bakının etdiyi tələbləri yerinə yetirməyib. Azərbaycan diasporunu, eləcə də soydaşlarımızı hədəf götürməkdənsə, yaxşı olardı ki, təyyarə qəzasına görə məsuliyyət daşıyanları cəzalandırsın, Azərbaycan tərəfdən üzr istəsin, zərərçəkənlərə kompensasiyanı ödəsin. Halbuki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 9-da cinayət işinin tezliklə yekunlaşacağını bildirmişdi.

Azərbaycana səfər edən rus rəsmiləri də bu istiqamətdə vədlər vermişdilər. Amma görünən odur ki, Rusiya tərəfi bu gərginliyin aradan qaldırılmasından daha çox dərinləşməsində maraqlıdırlar.

Gözləyək, görək itirən hansı tərəf olacaq...

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR