İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada heyvanlar arasında vəba və quduzluq epidemiyası: Azərbaycana keçə bilərmi?

889 19.03.2026 16:32 İqtisadiyyat A A

Rusiyanın Novosibirsk vilayətində heyvanlar arasında quduzluq və pasterellyoz xəstəliyinin kütləvi yayılması bölgədə fövqəladə vəziyyət elan olunması ilə nəticələnib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bölgədə quduzluq ocağının aşkarlanması üzrə 50-dən yuxarı fakt qeydə alınıb. Bundan əlavə, bölgənin beş rayonunda altı yaşayış məntəqəsində pasterellyoz xəstəliyi yayılıb.

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert Novosibirsk vilayətindəki pasterellyoz vəziyyətinin nəzarət altında olduğunu bildirərək, regional hakimiyyət orqanlarının vəziyyətə vaxtında və hərtərəfli reaksiya vermədiyini qeyd edib. Lakin regiondan gələn məlumatlar, sosial şəbəkələrdə sakinlərin çıxışları vəziyyətin heç də nəzarət altına olmadığından xəbər verir. Belə ki, yayılma o qədər kütləviləşib ki, bütöv təsərrüfatlardakı heyvanlar məhv edilir. Fərdi təsərrüfatlarda da yoxlamalar başlayıb, minlərlə vətəndaşın mal-qarası pasterellyoz və quduzluq aşkarlandığına görə məhv edilmək üçün əllərindən alınıb.

Bu addımlar yerli əhali və fermerlər arasında böyük narazılığa səbəb olub. Hətta Rusiya Dövlət Dumasının deputatları belə vətəndaşlara epidemiyaya görə əlindən alınaraq məhv edilən heyvanlara görə kompensasiya verilməməsini sərt tənqid ediblər. Bəzi mənbələr heyvanların xəstəlik bəhanəsi ilə əhalidən alınaraq Ukraynada döyüşən ordunun ehityaclarına yönəldildiyinə dair məlumatlar yayırlar.

Kütləvi narazılıqdan sonra hakimiyyət əhalini sakitləşdirmək üçün bəzi addımlar atıb. Regional baytarlıq idarəsinin mətbuat xidmətinin məlumatına görə, Novosibirsk vilayətində quduzluq üçün karantin altında olan yaşayış məntəqələrinin sayı 53-ə çatıb. Vilayətin qubernatoru Andrey Travnikov jurnalistlərə bildirib ki, pasterellyoz xəstəliyi ilk olaraq iri heyvandarlıq təsərrüfatlarında açkarlanıb, sonradan fərdi təsərrüfatlara yayılıb. Onun sözlərinə görə, region ev heyvanlarınınməhv edilməsi səbəbindən fırdi təsərrüfatları dəstəkləmək üçün tədbirlər görüb. Hakimiyyət orqanları yeni mal-qaranın alınmasına da kömək edəcək: "Rusiya Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə hər kəsin onları ala bilməsi üçün kifayət qədər heyvan təmin edəcəyik."

Həmçinin bildirilir ki, müsadirə edilmiş heyvanlar üçün mövcud kompensasiya ödənişlərinə (400 kq çəkidə olan yetkin inək üçün 70.000 rubldan çox) əlavə olaraq, region epidemiya əleyhinə tədbirlər zamanı heyvanların müsadirə edilməsi səbəbindən qismən gəlir itirməsi səbəbindən çətin həyat vəziyyətində olan vətəndaşlara sosial yardım göstərmək barədə qərar qəbul edib. Qərara əsasən müsadirə edilmiş heyvanların sahibinə və onların heyvanların müsadirə edildiyi ünvanda yaşayan ailə üzvlərinə  doqquz ay ərzində Novosibirsk vilayətində müəyyən edilmiş adambaşına düşən yaşayış minimumu məbləğində aylıq sosial yardım veriləcək.

Şəxsi təsərrüfatlar tərəfindən alınan cavan mal-qaranın dəyərinin qismən ödənilməsi proseduru da təsdiqlənib: vətəndaşlara subsidiyalar veriləcək.

Qeyd edək ki, Azərbaycan Rusiyadan diri qoyun idxalını kəskin artıraraq, 14,96 milyon dollar dəyərində 129 min başdan çox heyvan gətirib. Bu, 2024-cü illə müqayisədə dəyər ifadəsilə 7,8 dəfə, sayca isə 7,1 dəfə çoxdur.  Ötən il həmçinin Rusiyadan ətlik istiqamətli diri iribuynuzlu heyvan idxalı da kəskin artıb. İl ərzində ölkəyə gətirilən 115 301 baş belə heyvanın 66 559 başı və ya 57,7 faizi Rusiyadan alınıb.

Bundan əlavə, Rusiyadan Azərbaycana süd və süd məhsulları idxalı da var.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Nazirliyinin məlumatına əsasən Pasterelyoz iribuynuzlu, xırdabuynuzlu heyvanlar və quşlar arasında sürətlə yayılan, Pasteurella multocida bakteriyasının törətdiyi təhlükəli infeksion xəstəlikdir.

Pasterelyoz xəstəliyinə iribuynuzlu heyvanlar, qoyunlar, donuzlar, bir sıra vəhşi heyvanlar və quşlar həssasdır.

Pasterelyoz xəstəliyi heyvandarlıq və quşçuluq təsərrüfatlarına ciddi ziyan vurur. Belə ki, heyvanlarda qızdırma, intoksikasiya əlamətləri, ishal, şişkinliklər, quru ağrılı öskürək, artritlər, osteomielitlər müşahidə edildikdə Pasterelyoza şübhə yaranır. Təbii şəraitdə xəstəlik törədicisi xəstə heyvanlardan sağlamlara hava-damcı yolu ilə, alimentar yolla, həmçinin dəri örtüyünün tamlığının pozulması yolu ilə, eləcə də sağlam təsərrüfatlara xəstəlik törədicisi gəmiricilər, qansoran həşəratlar, nəqliyyat vasitəsi ilə, qeyri-sağlam təsərrüfatdan gətirilmiş heyvanlar vasitəsi ilə keçə bilər.
Heyvanların yemlənməsinin düzgün və rasional aparılmaması, saxlanma şəraitinin zoogigiyenik tələblərə uyğun olamaması xəstəliyin yaranmasına və ağır patoloji nəticələrə səbəb olur. Bu xəstəliyi bəzən “məişət xəstəliyi” də adlandırırlar.

Törədici suda və peyində 2-3 həftə, bağırsaq möhtəviyyatında 6-10 gün, tələf olmuş heyvan cəmdəyində 4 ay qala bilir.

Xəstəlik xəstə heyvanlardan insanlara da keçir və ağır gedişatı ilə seçilir.

Heyvanlar üçün bu xəstəliyi bir çox hallarda vəba xəstəliyi ilə eyniləşdirirlər.

Rusiyanın böyük bir əyalətində yayılan bu təhlükəli xəstəliyin ölkəmizə keçmək təhlükəsi varmı? Azərbaycan Rusiyadan diri heyvan və süd məhsulları idxalına məhdudiyyət tətbiq edəcəkmi? Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyindən Musavat.com-a verilən məlumata görə, hansısa ərazidən heyvan mənşəli məhsulların idxalına qadağa Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının bildirişləri əsasında qoyulur: “Bu, bütün dünyada qəbul olunmuş beynəlxalq qaydadır. Bütün üzv ölkələr Təşkilatın müvafiq bildirişi əsasında hərəkət edirlər. Bizə hələlik Rusiyanın Novosibirsk vilayəti ilə bağlı hər hansı bildiriş daxil olmayıb”.

Agentlikdən həmçinin qeyd edirlər ki, Azərbaycana Novorossiysk vilayətindən nə diri heyvan, nə ət, nə də süd məhsulları idxal olunmur: “Bu səbəbdən də narahatlığa əsas yoxdur”.  

Onu da bildirək ki, 2023-cü ildən Azərbaycanda KTN, FHN və AQTA birlikdə vəhşi heyvanlar arasında quduzluğa qarşı peyvəndləmə həyata keçirirlər. Bu fəaliyyət vəhşi heyvanların yaşadığı ərazilərə helikopterlə peyvənd preparatı olan yem atılmasını ehtiva edir. Hər il 10 minlərlə belə yem vəhşi heyvanların çox olduğu ərazilərə atılır.

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR