Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiyanın TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsinə qoşulması ehtimalına münasibət bildirib.
“Factor TV”yə müsahibəsində Simonyan deyib ki, belə bir iddianı təsdiqləyə bilməz, çünki TRIPP ilk növbədə Ermənistan–ABŞ təşəbbüsüdür.
“Əgər hər hansı marşrutun və ya yolun açılmasından söhbət gedirsə, mənim fikrimcə, bu, ayrıca təşəbbüs kimi rəsmiləşdirilməlidir. TRIPP çərçivəsində isə bu, bir qədər absurddur, çünki mahiyyət etibarilə TRIPP-in işləməməsi üçün hər şeyi etmək anlamına gələr”, - deyə Alen Simonyan vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nda Rusiya və Türkiyənin mümkün iştirakı ilə bağlı suala cavabında bildirib ki, TRIPP Ermənistan–ABŞ layihəsidir və üçüncü hər hansı tərəfin iştirakı yalnız Ermənistan və ABŞ-nin razılığı ilə mümkündür.
ABŞ-nin və Ermənistanın Rusiyanın TRIPP-ə qoşulmasına razılıq verməsi mümkündürmü?

Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, Alen Simonyan bu açıqlama ilə məsuliyyəti daha çox ABŞ-nin üzərinə atmağa çalışıb:
“TRIPP layihəsinin həyata keçməsi ilə bağlı artıq müəyyən əməli addımlar atılıb. ABŞ bu layihə üçün ilkin olaraq 145 milyon dollar vəsait ayırıb. Eyni zamanda TRIPP layihəsinin həyata keçirilməsi və onun icrası ilə bağlı təşkilat da formalaşdırılıb.
Bu ay ABŞ-nin vitse-prezidenti Vensin Azərbaycana və Ermənistana səfəri gözlənilir. Yayılmış məlumata görə, bu səfərdə əsas diqqət mərkəzində saxlanılacaq məsələ məhz TRIPP layihəsinin icrası ilə bağlı məsələlər olacaq. Yəni bu səfərdən sonra layihənin həyata keçirilməsi istiqamətində artıq praktiki addımların atılmasına başlanılacaq.
Təbii ki, Moskva da bu prosesi diqqətlə izləyir və bu layihəni bölgədə ABŞ-nin güclənməsi kimi xarakterizə edir. Bu baxımdan Simonyanın mövqeyindəki motivlər anlaşılandır. Ancaq istər Rusiya, istər digər dövlətlər olsun ilk növbədə bilməlidirlər ki, TRIPP ABŞ-Ermənistan layihəsidir və başqa dövlətin hər hansı səviyyədə ora qoşulması adıçəkilən iki dövlətin razılığı əsasında baş tuta bilər. Söhbət Ermənistan ərazisində olacaq 45 kilometrlik kommunikasiya xəttindən gedir. Burada iddialarla çıxış etmək və öz iddialarını zorla qəbul etdirməkdən söhbət gedə bilməz. Yəni Simonyanın cavabı onu göstərir ki, heç bir halda Rusiyanın TRIPP layihəsində iştirakı ilə bağlı məsələləri gündəlikdə görmürlər”.
Etibar Seyidağa,
Musavat.com






