İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili Azərbaycana görə Gürcüstan hökumətini sürüdü: "Bu, Moskvanın xeyrinədir"

2263 11.12.2025 18:25 Dünya A A

Musavat.com xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yayımladığı son müraciətdə Azərbaycanla bağlı yazıb. O, Gürcüstan Beynəlxalq Bankının sabiq rəhbəri, tanınmış siyasətçi iqtisadçı Roman Qotsiridzeni sərt tənqid edib. O bildirib ki, Qotsiridze Azərbaycanı guya Gürcüstana təzyiq göstərməkdə ittiham etməklə həm reallığı təhrif edir, həm də İvanişvili hökumətinin mövqeyini haqlı çıxarmağa çalışır. Saakaşvilinin sözlərinə görə, bu yanaşma Gürcüstan cəmiyyətində çaşqınlıq yaradır, çünki Qotsiridze uzun illər parlamentdə təmsil olunan, ictimai nüfuzu olan fiqurdur.

Sabiq prezident qeyd edib ki, Qotsiridze dəfələrlə tariflərin detallarına bələd olmadığını etiraf etsə də, mübahisənin əsasını məhz bu tarif siyasəti təşkil edir. Saakaşvili real vəziyyəti belə şərh edib: Azərbaycan ilk dəfə olaraq Ermənistan istiqamətinə yüklərin Gürcüstan üzərindən daşınmasına başlamışdı və bu addım Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm baza yaradırdı. Saakaşvili belə bir tranzit xəttinə simvolik tarif tətbiq olunmasının daha doğru olacağını deyib. Lakin o iddia edir ki, İvanişvili hökuməti əksinə, bu istiqamətə 1 kilometr üçün 0,82 dollar kimi yüksək tarif müəyyənləşdirib, halbuki Azərbaycan ərazisində eyni xətt üzrə tarifin dəyəri cəmi 0,02 dollardır. Saakaşvili əlavə edib ki, Qulevi istiqamətində, hansı ki, onun sözlərinə görə, hakimiyyətin korrupsiya maraqları ilə bağlıdır, tariflər Ermənistan marşrutu ilə müqayisədə təxminən 20 dəfə aşağıdır.

Sabiq prezident həmçinin Azərbaycan nömrəli yük maşınlarının Gürcüstan sərhədində sistemli şəkildə incidildiyini iddia edib. Onun sözlərinə görə, azərbaycanlı sürücülər kobud rəftara məruz qalır, keçid üçün yüzlərlə dollar rüşvət tələb olunur, rüşvət verməyənlər isə saxlanılaraq cərimə meydançalarına yönləndirilir. Saakaşvili bunun təkcə tariflərlə bağlı məsələ olmadığını, koordinasiyalı təzyiq mexanizminə bənzədiyini deyib.

Saakaşvili daha sonra Ermənistan hökumətindən aldığı məlumatlara istinad edərək bildirib ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze İrəvanı açıq şəkildə şantaj edir. Onun iddiasına görə, Gürcüstan mənşəli QHT-lərin Ermənistanda fəaliyyətinə məhdudiyyət qoyulmasa, rəsmi Tiflis bütün yüklərin Ermənistan istiqamətində hərəkətini dayandıracağı ilə hədələyir. Saakaşvili bu iddianın bölgədə siyasi balansı daha da həssas etdiyini vurğulayıb.

Qotsiridzenin “Azərbaycan Gürcüstana təzyiq göstərir” iddiasına cavab verən Saakaşvili bildirib ki, əgər Bakı siyasi təzyiq göstərmək istəsəydi, bunu ən asan yolla – qaz tariflərini artırmaqla edə bilərdi. Onun sözlərinə görə, hazırda Gürcüstana satılan qazın qiyməti aşağı səviyyədədir və bu güzəşt onun prezidentliyi dövründə İlham Əliyevlə razılaşdırılmışdı. Saakaşvili iddia edib ki, hakimiyyətə gəldikdən sonra Kaxa Kaladze Azərbaycandan qazın qiymətinin qaldırılmasını, əldə edilən gəlirin isə “şərikli bölgüsünü” təklif etmişdi. Sabiq prezident bunu belə ifadə edib: “Mənə dostum dedi ki, Kaladze ilə İvanişvilinin cibinə ‘pul, pul, pul’ yazılıb”.

Saakaşvili daha sonra əsas suala keçərək bildirib ki, Azərbaycan–Ermənistan yaxınlaşması, bölgədə nəqliyyat dəhlizlərinin açılması və sülhün real mexanizmlərlə möhkəmlənməsi yalnız bir qüvvənin – Kremlin maraqlarına ziddir. Onun sözlərinə görə, Gürcüstan hökumətinin hazırkı addımları Gürcü xalqının maraqlarına yox, məhz Moskvanın planlarına xidmət edir. Saakaşvili sonda vurğulayıb ki, Gürcü cəmiyyəti bu hökumətdən “heç bir yaxşılıq gözləmir”, çünki “bu hakimiyyət xalq üçün heç nə etməyib və edə də bilməz”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR