İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili peşmandır, Zurabişvili yox – 3-cü və 5-ci prezidentlərin qovğası

1914 30.06.2026 21:47 Dünya A A

Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili 5-ci prezident Salome Zurabişvilini peşəkar səriştəsizliyinə və Rusiyanın əlinə oynamasına görə tənqid edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sərhədi qanunsuz keçmək, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, dövlət vəsaitlərini mənimsəmək və müxalifətçiyə hücum etmək ittihamları ilə beş ildir həbsdə olan Saakaşvili deyib ki, o, Zurabişvilini xarici işlər naziri vəzifəsinə onun ailəsi ilə dostluğuna və Zurabişvilinin Fransada görkəmli diplomatik karyerası olduğuna görə təyin edib.

Saakaşvili deyib: “Prezident seçiləndən sonra Baltikyanı ölkələr kimi mühacirlərimizi geri qaytarıb onlardan hakimiyyətdə istifadə etmək ideyasına heyran qaldım. Zurabişvili çox yaxşı ailədən idi; onun gözəl anası vardı. Mən hələ də onun qardaşı Otar Zurabişviliyə hörmət edirəm. Salomenin əri Janri Kaşiya anamın və dayımın dostu idi. Buna görə də onu 2004-cü ildə sovet sisteminin qalığı olan Tedo Caparidzenin yerinə xarici işlər naziri təyin etmək ideyasını çox bəyəndim", - Saakaşvili bildirib.

Lakin Gürcüstanın Avropaya transformasiyası arzusu tez bir zamanda fəlakətə çevrilib. 3-cü prezidentin sözlərinə görə, Zurabişvili Xarici İşlər Nazirliyində təşkilati işlərlə məşğul olmayıb, xarici səfərlər zamanı qəfildən nümayəndə heyətini tərk edir, telefonunu söndürür və bir neçə gün yoxa çıxırmış.

"O, çox vacib qonşularımız - Türkiyə və Azərbaycanla o qədər mübahisə edirdi ki, o vaxtkı Türkiyə prezidenti Abdullah Gül şəxsən məndən onu Türkiyə missiyasından uzaqlaşdırmağımı tələb etdi. O dövrdə onun Türkiyəyə girişi rəsmən qadağan edilmişdi", - deyə Saakaşvili qeyd edib.

Sabiq prezidentin dediyinə görə, nəticədə Zurabişvilinin hərəkətləri parlamenti o qədər qəzəbləndirib ki, onu vəzifəsindən azad etməyə məcbur olub. Zurabişvili bundan xəbər tutanda ondan dərhal parlamenti buraxmasını, yeni seçkilər keçirilməsini və sonra baş nazir təyin edilməsini istəyib. “İmtina cavabı aldıqda, Zurabişvili müxalifətə keçdi, bununla yanaşı, onun açıqlamaları Rusiyanın mövqeyi ilə səsləşməyə başladı”, - Saakaşvili iddia edir.

M.Saakaşvili daha sonra deyib: "2008-ci ildən sonra onun kollaborasionizmi (düşmənlə əməkdaşlıq – Musavat.com) tamamilə qanad açdı. O, mənim "yatmış Sxinvali”ni necə bombaladığım və buna görə mühakimə olunmalı olduğum barədə yazılar yazdı və həmçinin Rusiyanın Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə mənim və gürcü hərbçilərin törətdiyi müharibə cinayətlərinin sübutu kimi təqdim etdiyi "La tragédie géorgienne" ("Gürcüstan faciəsi") adlı kitab da yazdı. Buna görə də, tamamilə əminəm ki, Rusiya prezidentliyə daha yaxşı namizəd tapa bilməzdi - axı, müharibədə Gürcüstanı günahlandıran keçmiş Fransa səfirindən daha yaxşı kim ola bilər?”

Saakaşvilinin bu hücumunun səbəbi Zurabişvilinin Gürcüstanda televiziya kanalına verdiyi müsahibədir. Zurabişvili həmin müsahibədə üçüncü prezidenti əfv etməkdən imtina etdiyinə görə peşman olmadığını bildirib.

Saakaşvili isə böyük dövlət vəzifəsi verdiyi, bu minvalla gələcəkdə ölkə prezidenti olmasına yol açdığı şəxsin karyerasında oynadığı rola görə çox peşmandır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR