Bu saat dünyada adı ən çox hallandırılan beş dövlət varsa, biri, heç şübhəsiz ki, İrandır.
İranın daxilindəki ictimai-siyasi təlatüm, iğtişaşlarla başlayan, qətliamlarla bitən xalq üsyanı bir tərəfdən, ABŞ və İsrailin hərbi təcavüzünə məruz qalmaq ehtimalı o biri tərəfdən ölkənin adını dünya mediası ilə bir edib. Hələ bir müddət belə gedəcək. Hazırda üsyanda yaxalananların edam edilməsi prosesi başlayıb.
Ancaq başı bu qədər qeylü-qalda olan Tehran iki daşın arasında qonşu dövlətlərə növbəti dəfə “ilişmək” fürsətini əldən qoymur.

Dünən ölkəmizdəki İran səfirliyi İsrailin XİN başçısının Bakıda səsləndirdiyi açıqlamalarla bağlı bəyanat verərək, İsraili Fələstin torpaqlarını işğal etməkdə, xalqa qarşı soyqırım siyasəti yeritməkdə, dövlət terrorizmində və aparteiddə ittiham edib və sözünü belə bitirib: “Bu qeyri-qanuni və cinayətkar rejimin nümayəndəsinə Bakıda həmin rejimin cinayətlərini ört-basdır etmək, İran İslam Respublikasına qarşı əsassız iddialar və sərsəm fikirlər səsləndirmək üçün şərait yaradılmasına görə təəssüfləndiyimizi bildirməklə... İran və Azərbaycan arasındakı münasibətləri pozmaq, bölgədə gərginlik və qeyri-sabitlik yaratmaq məqsədi güdən sionist rejiminin bu növ fitnə-fəsad və müdaxiləçi hərəkətlərinə qarşı ayıq-sayıq olmağın zəruriliyini xatırladırıq".
Bu, nə deməkdir? Bu o deməkdir ki, Tehranın mövqeyinə görə, Azərbaycan İranla münasibətləri pis olan ölkələrlə normal münasibət saxlamamalı, keçirdiyi beynəlxalq tədbirlərə onları dəvət etməməli, dəvət etsə də, çıxış üçün söz verməməli, bir sözlə, İranın dostu ilə dost, düşməni ilə düşmən olmalıdır.
Tərs kimi, bu gen dünyada İranın dostu, müttəfiqi yoxdur. O, dünya hegemonu ABŞ ilə, eləcə də Avropa ölkələri ilə çəkişmədədir, regionda İsraillə qatı düşməndir, ərəb ölkələri ilə intriqadadır, Rusiya və Çinlə müəyyən tərəfdaşlığı olsa da, sabah hücuma məruz qalanda onlardan da yardım görməyəcək.
Təklənmiş vəziyyətə düşən, özünü beynəlxalq aləmdən böyük ölçüdə təcrid edən və bu səbəbdən siyasi, iqtisadi girdabda çabalayan bir dövlət kiçik Qafqaz ölkəsini də öz yanında görmək istəyir.
Bu isə Azərbaycanın dövlət maraqlarına ziddir. Rəsmi Bakı istəyir ki, həm qonşularla, həm də uzaqda olan dövlətlərlə normal münasibətlərə, qarşılıqlı faydalı əlaqələrə malik olsun, heç bir dövlətlə intriqada olmasın. Çünki qonşu Ermənistanla sırf İrəvanın işğalçılıq, qəsbkarlıq siyasəti üzündən başlanmış düşmənçilik dövlətimizə böyük zərərlər yetirib, hərtərəfli inkişafımıza mane olub, indi-indi tərəqqi yoluna çıxırıq.
Yeri gəlmişkən, Azərbaycan ərazisinin 20 faizinin erməni işğalında qaldığı, atəşkəs sazişinin hər gün 100 dəfə pozulduğu, təmas xəttində snayper müharibəsi getdiyi illərdə İran dövlətini idarə edənlər şiə-müsəlman xalqına zülm edən Ermənistan hakimiyyətinin rəhbərlərini Tehranda yüksək səviyyədə qarşılayır, başdan oturdur, qarşılıqlı faydalı sazişlər imzalayır, dostluqdan, qardaşlıqdan dəm vururdular. Ermənistan liderləri məhz Tehranda Azərbaycana qarşı təhdidlər sovururdu.
Məsələn, Ermənistan prezidenti Serj Sarkisyam 2009-cu ildə Tehranda belə bir açıqlama vermişdi: "Heç bir halda Qarabağ Azərbaycana verilə bilməz. Azərbaycanın Artsaxa iddialarının heç bir hüquqi, tarixi və ya mənəvi əsası yoxdur. Dağlıq Qarabağ isə Azərbaycanın bir hissəsi ola bilməz: bu məsələdə Azərbaycan çoxdan etibarın bütün hədlərini tükədib".

Düşmənçilik bu idi. Sarkisyan özünü dünya şiələrinin pasibanı, arxa-dayağı sayan bir dövlətin paytaxtında bəyan edirdi ki, indən belə də şiələrə zülm edəcək, 700 mindən artıq köçkün azərbaycanlının doğma torpaqlarına qayıtmasına imkan verməyəcək, İran rəhbərləri isə onu gülümsər sifətlə qarşılayıb, yola salırdılar. (İran rəhbərlərinin Ermənistan liderlərinə qucaq açması təkcə Sarkisyanla məhdudlaşmayıb, ondan əvvəl eyni hörmət Koçaryana da göstərilib, ondan sonra Paşinyan da bənzər ehtirama layiq görülüb).

Bu necə olurdu ki, Xocalıda 613 qoca, uşaq, qadını bir gecənin içində amansızcasına qətlə yetirən, minlərlə azərbaycanlı müsəlmanı yaralayan, girov götürən bir terrorçu rejimin lideri, həmin hərbi cinayətlərə şəxsən rəhbərlik etmiş bir şəxs Tehranda özünü bu qədər ötkəm aparırdı? Çünki ona bu fürsəti İran rəhbərləri vermişdilər. Sarkisyan özünü Tejranda onların təbii müttəfiqi kimi aparırdı, bilirdi ki, İrəvanda Azərbaycanı necə sevmirlərsə, Tehrandakı saraylarda da elə sevmirlər.

İndi məzhəb ayrılığına baxmayaraq, İran Fələstin ərəblərinin davasını aparır. Bu, süni müttəfiqlikdir. İran öz dövlət mənafeyi naminə fələstinlilərdən yararlanmaq istəyir. Fələstinlilər də sadəcə İranın hərbi, siyasi, maddi dəstəyindən faydalanmaq üçün Tehrana qarşı əsl fikirlərini büruzə vermirlər. Əslində onların başqa ölkələrdə yaşayan məzhəb qardaşları İran xalqını “rafizi” adlandırır və heç müsəlman da saymırlar.
Aydın məsələdir ki, burada din, məzhəb söhbəti pərdə səciyyəsi daşıyır, məsələnin mahiyyəti regional nüfuz savaşıdır.
Ona görə də iranlı diplomatlar dönüb-dolaşıb hər dəfə İsrailə görə rəsmi Bakıya irad bildirmək üçün nə hüquqi, nə siyasi, nə də mənəvi haqq sahib deyillər. İsrail İran torpaqlarını işğal etməyib, 1 milyon iranlını qaçqın-köçkünə döndərməyib, elə olsaydı, Azərbaycan bu dövlətlə heç bir tərəfdaşlıq münasibətində olmazdı. Çünki bu, qonşuluğa da xəyanət olardı, İranda yaşayan soydaşlarımıza da.
Araz Altaylı, Musavat.com






