Ermənistanın “Respublika” partiyasının lideri Aram Sarkisyan növbəti parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürməklə yenidən ölkə gündəminə qayıdıb.
Musavat.com xəbər verir ki, o, özünü açıq şəkildə Qərb dəyərlərini müdafiə edən siyasi xəttin tərəfdarı kimi təqdim edir və parlamentdə bu istiqamətdə güclü təmsilçiliyin vacibliyini vurğulayır.
Aram Sarkisyan 1961-ci ildə anadan olub. O, Ermənistanın müstəqillik dövründə formalaşan siyasi elitasının nümayəndələrindən sayılır. Sarkisyan həmçinin Ermənistanın keçmiş müdafiə naziri və siyasi liderlərindən biri olan Vazgen Sarkisyanın qardaşıdır. Bu ailə faktoru onun siyasi karyerasının formalaşmasında müəyyən rol oynayıb.
1999-cu ildə baş vermiş parlament terror aktından sonra 1999–2000-ci illərdə Ermənistanın baş naziri vəzifəsini icra edib.
2001-ci ildə “Respublika” partiyasını yaradan Sarkisyan uzun illərdir bu siyasi quruma rəhbərlik edir. Partiya liberal-demokratik və avropayönümlü xətti ilə tanınır. Onun rəhbərlik etdiyi siyasi qüvvə müxtəlif dövrlərdə parlament seçkilərində iştirak etsə də, ölkə siyasətində həlledici mövqe əldə edə bilməyib.
Musavat.com






