Ekspertlər deyir ki, dayanıqlı inkişaf modeli regionlardan başlayır
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə urbanizasiya proseslərinə yenidən baxılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu qərar təkcə şəhərlərin planlaşdırılması ilə məhdudlaşmır, eyni zamanda regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhali yükünün balanslı bölüşdürülməsi və dayanıqlı inkişaf modelinin formalaşdırılması məqsədi daşıyır. Şəhərsalma siyasətinin mərkəzində artıq yalnız paytaxt deyil, ölkənin bütün regionlarının potensialının düzgün istiqamətləndirilməsi dayanır.
“Yeni Müsavat” xəbər verir ki, son illər Bakıda əhali sıxlığının sürətlə artması, nəqliyyat infrastrukturunun yüklənməsi, tıxacların gündəlik problemə çevrilməsi, metro və ictimai nəqliyyatda sıxlığın artması şəhərsalma sahəsində təxirəsalınmaz və kompleks addımların atılmasını zəruri edir. Mövcud vəziyyət göstərir ki, paytaxtın bütün funksiyaları təkbaşına daşıması uzunmüddətli perspektivdə həm sosial, həm də iqtisadi baxımdan risklər yaradır.
Bu baxımdan ekspertlər hesab edirlər ki, Bakının yükünün azaldılması yalnız inzibati məhdudiyyətlərlə deyil, regionların iqtisadi və sosial cəhətdən gücləndirilməsi yolu ilə mümkün ola bilər. Xüsusilə təhsil, sənaye və xidmət sahələrinin mərhələli şəkildə bölgələrə yönəldilməsi həm paytaxtda sıxlığın azalmasına, həm də regionlarda yeni inkişaf mərkəzlərinin formalaşmasına şərait yarada bilər.
Yada salaq ki, mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı zamanı mühüm açıqlamalar vermişdi. Onun sözlərinə görə, paytaxtda fəaliyyət göstərən bəzi universitetlərin mərhələli şəkildə Bakıdan kənara köçürülməsi və vahid kampus modeli əsasında fəaliyyətinin təşkili mümkündür. Anar Quliyev qeyd edib ki, bu yanaşma həm şəhərsalma baxımından daha səmərəli modelin qurulmasına, həm də ali təhsil müəssisələri üçün müasir və geniş infrastrukturun yaradılmasına imkan verə bilər.
Komitə sədri vurğulayıb ki, universitetlərin köçürülməsi məsələsi təhsil sistemi üçün ciddi və strateji islahat hesab olunur və bu proses yalnız şəhərsalma qurumlarının deyil, eyni zamanda Elm və Təhsil Nazirliyinin birbaşa iştirakı ilə həyata keçirilməlidir: "Gələcək illər ərzində bu məsələyə dair Elm və Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq mərhələli şəkildə icra edilə bilər".
Ekspertlərin fikrincə, universitetlərin vahid kampus şəklində regionlarda yerləşdirilməsi təkcə paytaxtda əhali sıxlığının azalmasına deyil, eyni zamanda bölgələrdə elm, innovasiya və insan kapitalının cəmləşməsinə, yerli iqtisadiyyatın canlanmasına və yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Bu model regionların sosial-iqtisadi inkişafına uzunmüddətli töhfə verməklə yanaşı, ölkə üzrə daha balanslı urbanizasiya prosesinin formalaşmasına da zəmin yaradır.
![]()
Elçin Əfəndi
Bizimlə söhbətdə təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, Bakıda yaranan mövcud vəziyyət artıq ciddi xəbərdarlıq siqnalıdır: "Bakıda cəmi iki günlük vəziyyəti - yolların tıxacla dolmasını, metrolarda insan selini gördükdən sonra aydın olur ki, şəhər yükünün azaldılması istiqamətində təcili və təxirəsalınmaz işlər görülməlidir". Ekspertin fikrincə, bu istiqamətdə ilk növbədə radikal və strateji qərarlar qəbul olunmalıdır: "Düşünürəm ki, perspektivdə paytaxtın köçürülməsi də müzakirə mövzusu olmalıdır. Paralel olaraq regionlarda yeni iş yerləri açılmalı, Bakıda fəaliyyət göstərən universitetlərin plan yerləri azaldılmalı, bölgələrdə yeni universitetlər yaradılmalı və mövcud ali məktəblərdə tələbə qəbulu artırılmalıdır".
Elçin Əfəndi paytaxt funksiyası üçün Gəncə, Şamaxı və Sumqayıt şəhərlərinin uyğun ola biləcəyini, gələcək perspektivdə isə Ağdamın da bu rolu oynaya biləcəyini bildirir. O, həmçinin Şamaxı, Şəki və Laçında dövlət universitetlərinin yaradılmasını və əhalinin rifahının yüksəldilməsi üçün bəzi sənaye sahələrinin Bakıdan regionlara köçürülməsini məqsədəuyğun hesab edir.
Mövzu ilə bağlı digər təhsil eksperti Fuad Hacıyev isə regionlarda sosial-iqtisadi problemlərin kompleks şəkildə həll edilməsinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, bölgələrdə sosial və iqtisadi problemlər aradan qaldırılmalıdır: “Necə ki, Türkiyədə hər şəhərdə həm iş, həm təhsil, həm də əyləncə imkanları var, eyni model bizdə də qurulmalıdır”.
Ekspert regionlarda təhsilin daha əlçatan olmasının vacibliyinə də diqqət çəkir: “Bölgələrdə tibb və digər ixtisaslar üzrə təhsil alan gənclər Bakıda olduğu kimi yüksək ödəniş etməməlidir. Müasir yataqxanalar tikilməli, regionlarda oxuyan, işləyən və yaşayan insanlar üçün çox sayda güzəştlər tətbiq olunmalıdır”.
Ekspertlərin fikrincə, universitetlərin və istehsal sahələrinin regionlara yönəldilməsi təkcə təhsil və məşğulluq məsələsi deyil, eyni zamanda şəhərsalma siyasətinin əsas alətlərindən biri kimi çıxış edir. Bu yanaşma Bakıda sıxlığın azalmasına, regionlarda iqtisadi fəallığın artmasına və ölkə üzrə daha balanslı inkişafın təmin olunmasına imkan verə bilər.
Yazını hazırladı: Afaq MİRAYİQ






