"Bugünkü rəqəmsal dövrdə vətəndaşlar, səhiyyə işçiləri, sahibkarlar, dövlət qurumları və səhiyyə idarəçilərinin zəruri və etibarlı tibbi məlumatlara davamlı və operativ çıxışını təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Vahid Səhiyyə İnformasiya sistemi mütəmadi təkmilləşdirilir".
Musavat.com xəbər verir ki, bunu səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, hazırda Vahid Səhiyyə İnformasiya sisteminin strukturuna daxil olan altsistemlər üzrə 70-ə yaxın proqram təminatı modulunun 24/7 rejimində fəaliyyəti təmin edilir. İnfrastrukturun təkmilləşdirilməsi, Hökumət Buluduna miqrasiya, Kritik informasiya infrastrukturu obyekti olan Vahid Səhiyyə İnformasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir:
"Son dörd ildə sahəvi tələbləri nəzərə alaraq, səhiyyə sahəsində 20-dən çox yeni sistem və informasiya resursu formalaşdırılmışdır. Onların arasında bir neçəsi ölkə miqyaslı mühüm rəqəmsallaşma layihələri (E-resept, Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi, E-epikriz, E-bülleten, Donorlar, resipiyentlər və donor orqanlarının vahid dövlət informasiya sistemi və digərləri uğurla tamamlanmış və istifadəyə verilmişdir".
![]()






