ABŞ-ın Qvatemaladakı səfirliyinin vizalar mexanizmindən siyasi təzyiq aləti kimi istifadə edərək narkokartellərə bağlı vəsaitlərin yuyulmasına və solçu, pro-marksist proqramların, o cümlədən LGBT təşəbbüslərinin maliyyələşdirilməsinə şərait yaratdığı iddia olunur.
Musavat.com xəbər verir ki, bu barədə amerikalı jurnalist Ceyms Cac Qvatemalada yüksək vəzifəli rəsmilərlə keçirdiyi qapalı görüşlərə əsaslanan araşdırma yayımlayıb.
Məlumata görə, Bayden dövründən qalan Dövlət Departamenti məmurları USAID-in dayandırılmış proqramlarını dolayısı yollarla davam etdirmək məqsədilə Qvatemalanı 1 milyard dollardan artıq borclanmağa məcbur ediblər. İddialara əsasən, bu vəsaitlər kartellərlə əlaqəli maliyyə strukturları üzərindən keçirilib, dövlət pulları ilə “təmizlənərək” LGBT, gender, DEI, iqlim və torpaq bölgüsü kimi ideoloji layihələrə yönəldilib.
Qvatemalanın icra, qanunverici və məhkəmə hakimiyyətini təmsil edən rəsmilər ABŞ səfirliyinin kütləvi viza ləğvləri ilə açıq şantaj etdiyini bildirirlər. Onların sözlərinə görə, cəmi bir gün ərzində 300-dən çox deputatın və ailə üzvlərinin vizası ləğv edilib. ABŞ-da müalicə alan xəstələr və təhsil alan uşaqların da bu təzyiqlərin hədəfinə çevrildiyi qeyd olunur.
Araşdırmada ABŞ-ın Qvatemaladakı səfiri Tobin Bredli və missiya rəhbərinin müavini Patrik Ventrell əsas fiqurlar kimi göstərilir. İddialara görə, səfirliyin tələblərinə əməl edən siyasətçilər mükafatlandırılıb. Belə ki, bir deputatın vizasının həlledici səsvermə ərəfəsində 10 səs toplamaq qarşılığında bərpa edildiyi bildirilir.
Məqalədə vurğulanır ki, müdaxilə yalnız büdcə və maliyyə sahəsi ilə məhdudlaşmır, eyni zamanda məhkəmə və seçki proseslərinə də sirayət edib. Qarşıdan gələn seçkilər fonunda Qvatemala rəsmiləri ölkənin “Venesuela ssenarisi” ilə üz-üzə qalacağından ciddi narahatlıq ifadə edirlər.
Müəllif baş verənləri ABŞ-ın milli təhlükəsizliyi üçün birbaşa təhdid kimi dəyərləndirir və səfirlərin dəyişdirilməsi, istintaq komissiyasının yaradılması, həmçinin Konqres səviyyəsində geniş araşdırmanın aparılmasına çağırır.
Musavat.com






