İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatizm başqa ölkədə yaxşıdır, Rusiyada pis? – Lavrovdan riyakar MÖVQE

2031 22.01.2026 12:44 Siyasət A A

Qrenlandiya ətrafındakı vəziyyəti şərh edən Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Krımı ilhaq etməsini xatırladıb və yarımadada Rusiyaya birləşməklə bağlı referendumun keçirildiyini söyləyib.

Nazir bu barədə Xorvatiya prezidenti Zoran Milanoviçin “Qrenlandiyanın gələcəyini yalnız Danimarka Krallığının qanunları ilə təmin edilən öz müqəddəratını təyinetmə hüququna uyğun olaraq Qrenlandiya xalqının özü müəyyən edə bilər” açıqlamasına münasibətdə bildirib.

“Krım xalqını Qrenlandiya xalqının yerinə qoyun və çox güman ki, sizə çox şey aydın olacaq. Üstəlik, Krımda xalq Ukraynada qeyri-konstitusiya çevrilişindən sonra referenduma çıxdı, hakimiyyətə gələn putçistlər rus dilinə müharibə elan etdilər və Krım Ali Şurasına basqın etmək üçün yaraqlılar göndərdilər. Qrenlandiyada heç kim çevriliş etməyib. Sadəcə, Prezident Trampın dediyi kimi, bu ərazi ABŞ-ın təhlükəsizliyi üçün vacibdir”, - Lavrov iddia edib.

Onun sözlərinə görə, Krım Rusiya təhlükəsizliyi üçün ABŞ üçün Qrenlandiyadan az vacib deyil...

Krım ruslar üçün tamamən yararsız hala düşəcək - Ekspert

Xatırladaq ki, ötən əsrin 90-cı illərində Çeçenistan da referendum keçirərək müstəqilliyini elan etmişdi. Ancaq Putin Rusiyası nəticələri tanımadı və illər sonra bu xalqın azadlıq istəyini qan gölündə boğdu. Həmçinin Tatarıstan əhalisinin əksəriyyəti referendumda müstəqilliyə səs vermişdi.

İndi belə çıxır, separatizm başqa ölkələrin ərazisində olanda bu, Moskva üçün yaxşıdır, amma Rusiyanın özündə hansısa aborigen xalq referendum keçirib öz taleyini sərbəst müəyyən edə bilməz?

Rəşad Bayramov: ABŞ-ın Ermənistanda möhkəmlənmək planı » SenzoR.az

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a bildirdi ki, Sergey Lavrovun Qrenlandiya ətrafında yaranmış müzakirələr fonunda Krımı misal gətirməsi Rusiyanın illərdir davam etdirdiyi ikili standartlar və siyasi riyakarlığın növbəti açıq nümayişidir:

“Onun Krımda keçirilmiş qondarma referendumu xatırlatması və bunu “öz müqəddəratını təyinetmə” kimi təqdim etməyə çalışması nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan tutarlıdır.

Lavrovun arqumentinin əsas dayağı budur ki, guya Krım xalqı Ukraynada baş verən hadisələrdən sonra təhlükə hiss edib və referenduma gedib. Ancaq Lavrov niyəsə Krımda “referendumun” Rusiya ordusunun silahlı nəzarəti altında, beynəlxalq müşahidəçilərsiz, Ukrayna Konstitusiyasına zidd şəkildə keçirildiyini gözardı edir. Yəni söhbət xalqın azad iradəsindən deyil, hərbi işğal şəraitində legitimlik görüntüsü yaratmaq cəhdindən gedir. Qrenlandiya isə Danimarka Krallığı çərçivəsində geniş muxtariyyətə malikdir, öz parlamenti və siyasi institutları var, orada nə çevriliş olub, nə də xarici ordunun təzyiqi mövcuddur. Bu iki vəziyyəti eyniləşdirmək beynəlxalq hüququ açıq şəkildə təhrif etməkdir.

Lavrovun təhlükəsizliklə bağlı arqumenti isə daha problematikdir. O iddia edir ki, Krım Rusiya üçün ABŞ üçün Qrenlandiya qədər vacibdir. Bu yanaşma bir daha göstərir ki, Moskva üçün “öz müqəddəratını təyinetmə” prinsipi yalnız geosiyasi maraqlara xidmət etdikdə keçərlidir. Yəni əgər hansısa ərazi Rusiyanın təhlükəsizlik və ya imperiya ambisiyalarına uyğundursa, referendum “xalqın iradəsi” adlandırılır; uyğun deyilsə, həmin xalqın iradəsi tank və bombalarla susdurulur.

Bu riyakarlığın ən bariz nümunələri Rusiyanın öz daxilində baş verən proseslərdir. 1990-cı illərdə Çeçenistan referendum yolu ilə müstəqilliyini elan etdi. Nəticə nə oldu? Moskva bunu tanımadı və illər sonra bu xalqın azadlıq istəyini amansız müharibə ilə, minlərlə insanın ölümü bahasına boğdu. Tatarıstanla bağlı da siyasi təzyiq, muxtariyyətin mərhələli şəkildə ləğvi və mərkəzi hakimiyyətin sərtləşdirilməsi istiqamətində addımlar atıldı.

Bütün bunlar onu göstərir ki, Lavrovun və ümumilikdə Rusiya diplomatiyasının mövqeyi oportunist mövqedir. Burada söhbət hüquqdan yox, gücdən, beynəlxalq normalardan yox, maraqlardan gedir.

Odur ki, Lavrovun Krımı Qrenlandiya ilə müqayisə etməsi Kremlin beynəlxalq hüquqa selektiv yanaşmasının, “öz müqəddəratını təyinetmə” prinsipindən isə yalnız siyasi alət kimi istifadə etdiyinin növbəti sübutudur. Bu cür arqumentlər nə Rusiyanın Krımın ilhaqını legitimləşdirə bilir, nə də onun daxili ziddiyyətlərini gizlədə bilir. Əksinə, bu, rəsmi Moskvanın riyakarlığını daha da açıq şəkildə ortaya qoyur”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR