Çin rəhbəri Si Cinpin bu ilin sonunda ABŞ-a səfər edəcək.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Davosdan Vaşinqtona gedən təyyarəsində jurnalistlərə deyib. O, aprel ayında Çinə səfər etmək niyyətində olduğunu bildirib: "Və o(Çin rəhbəri-red.), ilin sonuna qədər burada olacaq. Prezident Si Cinpin ilə görüşməyi səbirsizliklə gözləyirəm".
Oktyabr ayında Si Cinpinlə telefon danışığından sonra Tramp 2026-cı ilin aprelində Çinə səfər etmək dəvətini qəbul etdiyini açıqlayıb. O, Çin liderinin daha sonra ABŞ-a dövlət səfəri edəcəyini qeyd edib.
ABŞ Maliyyə naziri Skott Bessent bundan əvvəl Tramp və Si Cinpinin 2026-cı ildə dörd görüş keçirə biləcəyini irəli sürmüşdü. O, iki dövlət səfərinə əlavə olaraq, liderlərin Florida ştatının Doral şəhərində keçiriləcək İyirmilik Qrupu (G20) sammitində və Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumunda danışıqlar apara biləcəklərini ehtimal edib.
Musavat.com






