Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda korporativ idarəetmə qaydalarının pozulması ilə bağlı “Azərbaycan Sənaye Sığorta” ASC və “Qala-Həyat” Sığorta Şirkəti ASC-yə icrası məcburi göstəriş verib.
Bu barədə məlumatı Mərkəzi Bank yayıb.
Bildirilib ki, hər iki şirkətdə “Sığortaçılarda Korporativ İdarəetmə Standartları”na əməl olunmaması faktları aşkarlanıb. Bu səbəbdən AMB “Sığorta fəaliyyəti haqqında” Qanunun 102-ci maddəsinə əsaslanaraq şirkətlərə mövcud pozuntuların aradan qaldırılması ilə bağlı məcburi göstəriş verib. Həmin maddə tənzimləyici quruma pozuntuların aradan qaldırılması, risklərin məhdudlaşdırılması və zəruri hallarda rəhbər heyətə dair tələblər irəli sürmək səlahiyyəti verir.
Mərkəzi Bankın göstərişinin icrası hüquqi baxımdan məcburidir və yerinə yetirilmədiyi halda əlavə tənzimləyici tədbirlər tətbiq oluna bilər.
Bu qərar sığorta şirkətlərinin müştəriləri arasında narahatlıq yaradıb. Sual olunur: korporativ idarəetmə pozuntuları və Mərkəzi Bankın göstərişi vətəndaşların sığorta müqavilələri üzrə hüquqlarına təsir göstərə bilərmi? Ümumiyyətlə, Qanunun 102-ci maddəsi nəyi tənzimləyir və bu vəziyyətdə vətəndaşların hüquqları pozulubmu?
![]()
Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən vəkil, bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov bildirib:
““Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsi Mərkəzi Bankın sığortaçılara verə biləcəyi göstərişlərə aiddir. Bu göstərişlər sırf şirkətin fəaliyyətində aşkarlanan pozuntularla bağlı olur. Məsələn, sığorta şirkətinin maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə normativlərə əməl etməsi, yaxud hansısa filialın açılmasının qadağan edilməsi və ya fəaliyyətinin dayandırılması kimi məsələlər bu maddəyə daxildir.
Hazırkı məlumatdan görünür ki, söhbət sığortaçılarda korporativ idarəetmə standartlarının pozulmasından gedir. Konkret hansı pozuntunun olduğu açıqlanmasa da, buradan aydın olur ki, məsələ müştərilərlə bağlı deyil. Bu, şirkətin daxili idarəetmə mexanizmləri ilə bağlı pozuntudur.
Mərkəzi Bank bu standartları ona görə tələb edir ki, şirkətin daxili nəzarət sistemi düzgün işləsin və həddindən artıq risklərin qarşısı alınsın. Çünki sığortaçı həddindən artıq risk qəbul edərsə, müflis ola bilər və bu zaman vətəndaşların ödədiyi sığorta haqları itə bilər. Ona görə də daxili idarəetmə strukturlarının düzgün fəaliyyəti vacibdir. Məcburi göstəriş də məhz bununla bağlıdır – yəni şirkət müəyyən standartlara tam əməl etməyib”.
Afaq Mirayiq,
Musavat.com






