Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı iddiası tükənmək bilmir. Carı ilin avqustundakı Vaşinqton sammitindən sonra Kremlin yuxusu ərşə çəkilib. Bir sözlə şimal qonşumuz “Tramp marşrutu” ilə barışmaq fikrində deyil və Zəngəzur layihəsində əsas aparıcı ölkələrdən biri rolunda çıxış etmək niyyətini gizlətmir. Rusiya tərəfi “Tramp marşrutu” təşəbbüsünün parametrləri üzrə İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, "Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları" şirkəti Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolu xətlərindən istifadə edir. Marşrut əsasən sərhədçilərimizin məsuliyyət zonasından keçəcək".
Kaluqin Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü də xatırladaraq bildirib ki, təşəbbüsün Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir.
Göründüyü kimi, Moskva Zəngəzur məsələsini Rusiyasız mümkün hesab etmir. Onun üçün də bu cür məsuliyyətsiz açıqlamalar verir.
Siyasi analitik Asif Nərimanlının fikrincə, Rusiyanın “Zəngəzur dəhlizi” layihəsində iştirak hədəfləri dəyişməyib, dəyişən sadəcə mexanizmlərdir:
“Əvvəl əsas razılaşma 10 noyabr bəyannaməsi idi və dəhlizə nəzarət birbaşa Rusiya tərəfindən həyata keçirilməli idi. Lakin Vaşinqton anlaşması bütün daşları dağıtdı, ABŞ əsas nəzarətçiyə və zamin tərəfə çevrilib. Fikrimcə, Rusiyanın dəhlizdə nəzarət imkanları artıq mövcud deyil, hərçənd, Moskva prosesdə iştirak etmək, müəyyən qədər pay almaq niyyətindədir. Rusiyanın bununla bağlı birbaşa Ermənistana təsir imkanları var: Ermənistanın dəmir yollarında Rusiyanın paya sahib olması, rusiyalı sərhədçilərin bölgədə mövcudluğu və s. Amma Zəngəzur dəhlizində - TRİPP layihəsində iştirak, yaxud müəyyən paya sahib olmaq qərarı böyük ölçüdə ABŞ-dan asılı olan məsələdir. Rusiya da bunu anlayır, ona görə prosesdə zəif bənd olan Ermənistan üzərində fokuslanmaqla nəticələrə təsir etməyə çalışır. Lakin qeyd etdiyim kimi, qərarı Vaşinqton verə bilər. Fikrimcə, ABŞ və Rusiya Ukrayna məsələsində anlaşarlarsa, gələcəkdə Zəngəzur dəhlizində Moskvanın nəzarətçi kimi yox, iştirakçı kimi mövcudluğu haqda da razılaşa bilərlər. Belə bir perspektiv istisna edilməməlidir. Çünki ABŞ-ın mövcud administrasiyası əsas rəqib kimi Çini görür və Pekinə qarşı Moskva ilə eyni cəbhədən çıxış edir.
Azərbaycanın bu məsələdə yanaşmasına gəlincə, hesab edirəm ki, rəsmi Bakı üçün dəhlizdə iştirak edəcək qüvvələrin kimliyindən daha çox, Naxçıvana maneəsiz keçidin əldə edilməsi prioritetdir. Əgər Vaşinqton Moskva ilə anlaşarsa, Bakı üçün problem deyil. Ümumiyyətlə, bundan sonra Rusiyanın Zəngəzur dəhlizində olub-olmaması, bu dəhlizin yaradacağı nəqliyyat imkanlarından istifadə edib-etməyəcəyi ABŞ-dan asılı olacaq”.
Cavanşir ABBASLI
Musavat.com






