“İrəvan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək”. Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O, nədənsə hesab edir ki, gec-tez Azərbaycan həbsxanalarında saxlanılan bütün ermənilər evə qayıdacaq. Yada salaq ki, Prezident İlham Əliyev Münxendə verdiyi müsahibədə ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin bu yaxınlarda Bakıya səfəri zamanı erməni məhbusları məsələsini qaldırdığını, lakin layiqli cəzalar alan xuntaçıları azad etmək niyyətində olmadığını bildirib. Qeyd edib ki, onların bəşəriyyət əleyhinə cinayətləri artıq çoxsaylı şahid ifadələri ilə təsdiqlənib. Amma görün, erməni spiker nə deyir. Sitat: “Onlar qayıdacaqlar. Bu gün ya sabah, hamısı qayıdacaq. Vaxtilə onların (erməni məhbuslarının – red.) sayı 200-ə çatmışdı. Lakin yorulmaz işimiz sayəsində biz bir çoxunun azadlığa buraxılmasını təmin etmişik. Və bu iş sonuncu erməni Ermənistana qayıdana qədər davam edəcək”.

Simonyan bu xüsusda əlavə edib ki, Azərbaycanla danışıqlar prosesi sülhə doğru irəliləmək üçün fürsət yaradır. Erməni spikerin cani ermənilərlə bağlı lovğa əminliyi hardandır? Bu, sırf seçkiöncəsi daxili auditoriyaya ünvanlı bir PR gedişidir, yoxsa...
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a deyib ki, erməni hərbi canilərlə bağlı məsələyə Azərbaycan Prezidenti nöqtə qoyub. Onun sözlərinə görə, onların əfv edilməsi mümkün deyil, lakin yekun sülh müqaviləsindən sonra İrəvanın xahişləri əsasında ekstradisiya məsələsinə bəlkə baxıla bilər: “O anlama gəlmir ki, Azərbaycan xahişi nəzərə alacaq. Sadəcə, erməni tərəfi buna ümid edir. Simonyan da daxili auditoriyaya hesablanmış çıxış edərək belə rəy bildirib. Halbuki həmin cinayətkarların azad olunmayacağını yaxşı bilir. Seçkilər yaxınlaşdıqca erməni məhbuslarla bağlı çağırışlara Ermənistan hakimiyyətinin reaksiyaları artacaq. Məncə, onların azad olunmasını istəmirlər. Paşinyan o qüvvələri də özünə düşmən və rəqib sayır. Lakin çox istərdi ki, onları buraxaq və bunu özünün siyasi uğuru kimi erəmnilərə təqdim etsin”.

Hüquq müdafiəçisi qeyd edib ki, Bakının təhvil verdiyi 4 erməni ilə bağlı Paşinyan daxildə təbliğat üçün istifadə etdi: “Eyni zamanda, taxıl daşınması, benzin verilməsi Paşinyanın erməni seçicilərinə arqumentləridir. O, ümidləndirir ki, Araik və digərlərinin məsələsi də həllini tapacaq. Amma Azərbaycan belə bir vəd verməyib. Dövlət başçısının mövqeyini İrəvanda düzgün oxumalıdırlar. Ona görə də Simonyanın çıxxışı blef və piardır”.
Xatırladaq ki, Araik Arutyunyan ömürlük, daha 7 nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib.
Emil Salamoğlu
Musavat.com






