Britaniyada sağ-populist “Reform UK” partiyası seçkilərdə qalib gələcəyi təqdirdə hər il yüz minlərlə miqrantın ölkədən çıxarılmasını nəzərdə tutan sərt plan hazırlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, partiyanın sədri Ziya Yusif öz çıxışında Böyük Britaniyada ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinə (ICE) bənzər yeni qurumun yaradılacağını elan edəcək.
Onun sözlərinə görə, ölkə sərhədlərinin təhlükəsizliyi təmin ediləcək, Böyük Britaniya Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından çıxacaq və ölkədə qanunsuz yaşayan şəxslər deportasiya olunacaq.
“Britaniya xalqına mesajım sadədir: sərhədlərimizi qoruyacağam və sizin təhlükəsizliyinizi təmin edəcəyəm”, – deyə çıxış mətnində qeyd olunur.
Qəzet yazır ki, yaradılması planlaşdırılan qurum “Britaniya Deportasiya Komandanlığı” adlandırılacaq. Strukturun eyni vaxtda 24 min miqrantı saxlaması və gündə beşədək aviareys təşkil etməklə ildə 288 min nəfəri ölkədən çıxarması nəzərdə tutulur.
Ziya Yusif çıxışında “islamçı ekstremizmə qarşı sıfır tolerantlıq siyasəti” aparacaqlarını da bəyan etməyə hazırlaşır.
O bildirib ki, Britaniya mədəniyyəti qorunmalıdır:
“Mədəniyyəti olmayan millət millət deyil, sadəcə iqtisadi zonadır. Biz Britaniyanın xristian irsini qoruyacaq və kilsələrin məscidə və ya digər ibadət yerlərinə çevrilməsi praktikasına son qoyacağıq”.
Qeyd edək ki, “Reform UK” son rəy sorğularında həm hakim Leyboristlər Partiyasını, həm də müxalifətdəki Mühafizəkarlar Partiyasını qabaqlayır. Son sorğulara görə, hazırda parlament seçkiləri keçirilsəydi, partiyanın lideri Naycel Faracın baş nazir olmaq şansı daha yüksək görünür.
Musavat.com






