Bir neçə gün öncə REAL TV-nin əməkdaşı Vəfa Həmzəyeva İrəvanda fəaliyyət göstərən azərbaycandilli televiziyanın əməkdaşı Diana Karapetyanla mediadialoqu reallaşdırmış, müzakirələrin gedişində geniş rezonans doğuran mübahisə yaranmışdı.
Erməni telejurnalistin Qarabağı “Artsax” adlandırmasına reaksiya verən həmkarımız Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını, bu cür yanaşmaların sülh prosesinə zərər vurduğunu xatırlatmışdı.
Bu barədə diskussiyalar davam edərkən məlum olub ki, İrəvanda Azərbaycan dilində yayımlanan televiziyanın fəaliyyətinə son qoyulub.

Teleaparıcı Vəfa Həmzəyeva bu barədə sosial şəbəkədəki hesabında bildirib:
“Dostlar, həmkarlar, son günlər sosial şəbəkələrdə və mediada geniş müzakirələr doğurduğu üçün bəzi məqamlara aydınlıq gətirməyi zəruri hesab edirəm. Bir neçə gün öncə ermənistanlı jurnalist Diana Karapetyanla uzun müzakirələr və formatın dəqiq müəyyənləşdirilməsindən sonra iki ölkə arasında ilk media dialoqunu həyata keçirdik. Bir məqamı xüsusi vurğulamaq istəyirəm: müsahibə əvvəlcədən siyasi motivsiz, müstəqil jurnalistikaya uyğun format kimi razılaşdırılmışdı.
Lakin efirdə Ermənistan tərəfinin yenidən “Artsax” terminindən istifadə etməsi artıq sırf jurnalist mövqeyindən yox, dövlət vətəndaşı məsuliyyətindən irəli gələn reaksiya tələb edirdi. Mən həmin an sadəcə jurnalist deyildim - Azərbaycan Respublikasının vətəndaşı idim və tarixən qapanmış bir mövzuya səssiz qala bilməzdim.
Bu məqam öz yerində, lakin daha vacib bir xəbəri də sizinlə bölüşmək istəyirəm. Bu gecə yarısı Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya cəmi 26 dəqiqəlik təcili canlı yayım edərək fəaliyyətini dayandırdığını elan etdi. Rəsmi səbəblər kimi maliyyə çətinlikləri və siyasi təzyiq göstərilsə də, həm Ermənistan ictimaiyyəti, həm də Azərbaycan cəmiyyəti əsl səbəbin nə olduğunu çox yaxşı anlayır”.
V.Həmzəyeva qeyd edib ki, mövzu təkcə Azərbaycanda yox, Ermənistanda da - xüsusilə onların sosial şəbəkələrində və media platformalarında - geniş müzakirəyə çevrildi:
“Bu, bir daha göstərdi ki, informasiya gücü siyasi sərhədləri çoxdan aşıb.
Buradan vacib nəticə çıxır: biz təkcə siyasi gücə malik dövlət deyilik - biz regionun informasiya nizamını müəyyən edən media gücüyük.
Cənubi Qafqazın aparıcı aktoru olan Azərbaycan necə ki, regionun siyasi konturlarını müəyyənləşdirir, eləcə də Cənubi Qafqazın ən güclü informasiya platformasını formalaşdırır. Bu, artıq inkaredilməz faktdır.
Baş verən hadisənin özü informasiya mühitində yaranmış bir təxribatın cavabı kimi də dəyərləndirilə bilər və bu cavab elə efirin özündə verildi. Heç bir yanlış tezis, heç bir manipulyasiya cavabsız qalmadı və qala da bilməzdi”.
REAL TV-nin aparıcısı sonda bunları bildirib:
“Baş nazir Nikol Paşinyanın və rəsmi İrəvanın mövqeyinə istinad etdiyim hissəni Ermənistan mediası ciddi şəkildə tirajladı. Əgər bu addım həqiqətən səmimidirsə, deməli, Ermənistanın informasiya mühitində də müəyyən dəyişikliklər baş verir. Ümid edək ki, bu qərar emosional addım deyil, obyektiv reallığın qəbuludur. Hər birinizə təşəkkür edirəm - həm dəstəyə, həm prinsipial mövqeyinizə görə. Media cəbhəsində də güclü olduğumuzu bir daha göstərdik!”
Musavat.com






