İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sonsuz yardım bitdi” - Trampın qərarı müharibənin gedişatını necə dəyişəcək?

610 02.12.2025 16:14 Siyasət A A

Ağ Evin mətbuat katibi Kerolayn Levitin açıqlamasına görə, Tramp bu addımı Ukraynada ard-arda ifşa olunan korrupsiya qalmaqalları ilə əsaslandırır. O bildirir ki, Prezident “sonsuz yardım” siyasətinə son qoyub və Amerika vergi ödəyicilərinin pullarının şəffaf olmayan şəkildə xərclənməsini qəbuledilməz sayır. Bu, Tramp administrasiyasının Ukraynaya yardım məsələsində gələcək mövqeyinin daha sərt, daha şərtli və daha nəzarətli olacağını göstərən açıq mesajdır.

Bəs bu qərarla Rusiya-Ukrayna müharibəsinin taleyi həll olundumu?

Analitiklər qeyd edir ki, əslində, Trampın açıqlaması müharibənin taleyini həll edən bir addım deyil, lakin cəbhədə və diplomatik masada güc balansını dəyişə biləcək strateji dönüş nöqtəsi ola bilər. Ukrayna ordusu ABŞ və Qərb silahlarından kritik dərəcədə asılı olduğundan, Vaşinqtonun hərbi yardımın həcmini və tempini azaltması Kiyevin müdafiə imkanlarını zəiflədə, Rusiyanın isə cəbhə xəttində daha cəsarətli irəliləyişlərinə şərait yarada bilər.

ZEYNAL .png (200 KB)

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb:

“ABŞ-ın Ukraynaya maliyyə və hərbi yardımı dayandırması qərarı, şübhəsiz ki, Donald Trampın prezident seçkilərindən əvvəl elan etdiyi siyasət xəttinə tam uyğun gəlir. Trampın əsas missiyalarından biri ABŞ-ın maliyyə vəziyyətinin sabitləşdirilməsi və ölkənin xarici dəstəklərdə, xüsusən də genişmiqyaslı maliyyə öhdəliklərində iştirakını minimuma endirmək idi. Bir tərəfdən bu, dövlət büdcəsinə qənaət kimi qiymətləndirilə bilər, çünki hazırda dünya miqyasında iqtisadi vəziyyət kifayət qədər gərgindir və ABŞ da bu məsələdə yüksək həssaslıq nümayiş etdirir.

Xüsusilə Tramp maksimum dərəcədə çalışır ki, iqtisadi məsələlərdə əlavə risklərə yol verilməsin və bədxərcliyə son qoyulsun. Bu baxımdan Ukraynaya ayrılan böyük maliyyə paketlərinin müəyyən müddət dayandırılması tamamilə gözlənilən addım idi”.

Politoloq qeyd edib ki, ikinci mühüm məsələ rəsmi Kiyevin sülh danışıqlarına məcbur edilməsidir:

“ABŞ Ukraynadan ciddi güzəştlər tələb edir, çünki hazırkı qarşıdurmanın davamı həm Vaşinqtonun, həm də Avropanın iqtisadi-siyasi yükünü artırır. Lakin Zelenski hökuməti bu güzəştlərə getmək istəmir. Məhz bu səbəbdən son dövlərdə Zelenskinin hakimiyyətdən istefası məsələsinin geniş şəkildə müzakirə olunması təsadüfi deyil. Çünki ABŞ-ın dəstəyi olmadan, hətta Avropa ölkələrinin köməyi davam etsə belə, Ukraynanın Rusiya ilə uzunmüddətli mübarizəni eyni səviyyədə aparması çox çətin görünür.

Əlbəttə, Ukrayna mübarizəni davam etdirə bilər, lakin strateji üstünlüklər qazanmaq, böyük uğurlara imza atmaq faktiki olaraq mümkün olmayacaq. ABŞ-dən gələn həm maliyyə, həm də hərbi dəstək Ukraynanın dayanıqlığı üçün həlledici rol oynayırdı.

Bu dəstəyin dayandırılması Zelenski hakimiyyətinə ciddi təzyiq növü kimi də qiymətləndirilə bilər və böyük ehtimalla məqsəd də məhz budur. Yəni Ukraynanın Rusiyanın qarşısında müəyyən güzəştlərə məcbur edilməsi Vaşinqtonun əsas hədəflərindən biri kimi görünür”.

Zeynal Əmrəliyevin fikrincə, yeni siyasət Rusiyaya qarşı da davam etdiriləcək:

“Məlum olduğu kimi, Rusiya uzun müddətdir çox sərt sanksiyalara, xüsusən də enerji sektoru ilə bağlı ciddi məhdudiyyətlərə məruz qalır. Əgər bu siyasət hər iki tərəfə qarşı paralel şəkildə sərtləşdirilərsə və nəticədə həm Kiyev, həm də Moskva danışıqlar masasına oturmaq məcburiyyətində qalarsa, böyük ehtimalla Tramp istədiyinə nail ola biləcək”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR