SSRİ-də çox sayda insanın ölümü ilə nəticələnən hadisələr bir qayda olaraq dövlət sirri hesab edilib. 1968-ci il mayın 25-də Kirovdakı “Trudovye Rezervı” stadionunda baş vermiş güclü partlayış da onlardan biridir. Şəhəri ölənlərin sayının minlərlə olduğuna dair şayiələr bürüyüb, ancaq qəzetlərdə bu qəza barədə bir sətir belə dərc edilməyib.
Hadisənin özünə gəlincə. Zasora çayının kənarında tikilmiş stadionda möhtəşəm şənliyin keçirilməsi nəzərdə tutulub. Qırmızı ordunun 50 illiyi üçün sovet kino və dublyaj aktyoru, estrada müğənnisi, RSFSR xalq artisti Mark Bernes və paytaxt ulduzlarının iştirakı ilə “Dünyada Moskva var” adlı teatr tamaşası hazırlanıb. Hətta 5000 yerə malik stadiondakı tamaşaya 28 minə yaxın bilet satılıb. Tədbirlərdə həmçinin 700 məktəbli, tələbə və hərbçilərin iştirak nəzərdə tutulub. Saat 17:40-da isə tribunalar artıq dolub.

Bu zaman ilk partlayış baş verib. Tədbirdə olanlar bunu xüsusi effekt sanıblar. Həmin vaxt stadionda olan milislərdən biri hadisəni belə xatırlayır: “Mən parıldayan raketin qalxdığını gördüm. Sadəcə olaraq şounun başladığını düşündüm”.
Reallıq daha dəhşətli olub. Taxtadan hazırlanan inzibati binaya son atəşfəşanlıq üçün 1100 kq pirotexniki vasitələr gətirilib. İkinci mərtəbədə, birbaşa anbarın üstündə qəlyanaltı hazırlanması üçün müvəqqəti mətbəx düzəldilib. Yanğının dəqiq nədən baş verdiyi məlum deyil. Hadisə şahidləri bunun atılmış siqaret kötüyü və ya elektrik naqillərindən çıxan qığılcımın olduğunu deyiblər.
Partlayış nəticəsində öncə insanlarla dolu eyvan uçub, ikimərtəbəli bina alovlanıb, közlər stadiona səpələnib. Əsgərlər və milislər inzibati binaya tərəf qaçıblar. Bu zaman ikinci partlayış baş verib - bu daha güclü olub. Stadion zərər görən yeganə ərazi olmayıb - bir neçə məhəllə aralıda Kirov sakinlərinin evlərinin pəncərələri sınıb-tökülüb. Tribunaların skamyaları qopub, inzibati binanın dam örtüyü dağılıb. Tamaşaçılar stadiondan qaçmağa başlayıblar və çıxışlarda sıxlıq yaranıb.

Yanğınsöndürənlər hadisə yerinə gəlsə də, su çatışmazlığı onların işinə mane olub. Stadionun mərkəzi hidrantı dağıntılar altında qaldığından su faciə baş verən yerə 400 metr aralıda yerləşən Yejovski gölündən çəkilib. Yaralılar yarım saat ərzində stadiondan təxliyə edilib, saat 18:14-də yanğının qarşısı alınıb. Lakin axtarış-xilasetmə əməliyyatı uzun müddət davam edib. “Trudovye Rezervı”nın ətrafındakı kordon yalnız üç gün sonra götürülüb.
Sonradan yayılan rəsmi məlumata görə, hadisə nəticəsində ümumilikdə 39 nəfər həyatını itirib, onlardan 29-u partlayış yerində dünyasını dəyişib. Ölənlər arasında 11 tələbə və doqquz hərbi qulluqçu, həmçinin 10 tamaşaçı olub. Bir çoxlarının bədənlərində ciddi yanıqlar olduğundan onların kimliyini belə müəyyən etmək mümkün olmayıb. Bundan başqa, 75 nəfər ağır, daha 13 nəfər isə yüngül xəsarət alıb.
“Amerikanın səsi”nin sayəsində Qərb dövlətləri “Kirovda baş verən dəhşətli faciə” adlı məqaləni hadisədən bir saat sonra oxumağa başlayıblar. Sovet mediası isə bu hadisəyə səssiz qalıb. Yalnız yerli qəzet üç gün sonra kiçik bir xəbər dərc edib. Kirovda gizli dəfn edildiyi iddia edilən minlərlə şəxs haqqında şayiələr yayılmağa başlayıb. Eyni zamanda hələ neçə nəfərin öldüyünü bilməyən şəhər rəhbərliyi 300 tabut sifariş verib.

Məsələni ört-basdır etmək istəyən şəhər rəsmiləri dərhal stadionu sökmək istəyiblər. Lakin Moskvadan gələn təcili komissiya rəhbərliyin planını pozub. Paytaxtdan gələnlərin göstərişi ilə stadion qazılıb və daha bir neçə cəsəd hadisə yerindən tapılıb. Əvvəlcə RSFSR prokurorluğu bunun təxribat aktı olduğunu hesab etsə də, sonda istintaq fəlakətin sadə ehtiyatsızlıqdan baş verdiyini müəyyən edib. Cinayət işinin materialları 18 cilddən ibarət olub.
Partlayışda ölən Stavropoldan olan pirotexnik V.V. Berezentsev hadisədə günahkar bilinib. Təşkilatçılarla razılaşmanın əksinə olaraq, o, atəşfəşanlığı tək hazırlayıb. İkinci pirotexnikin arvadı, azyaşlı qızları xəstələndiyi üçün orada olmayıb. Qeyd olunub ki, Berezentsev təhlükəli maddələrlə işləmə qaydalarını kobud şəkildə pozub. O, stadionun meydançasında olan zaman pəncərədən anbar otağında nəyinsə yandığını görüb və dərhal içəri qaçsa da, təhlükəni aradan qaldıra bilməyib.

Qeyd edək ki, həmin illərdə milis barıtın daşınmasına nəzarət etməyib. Sovet hüququndakı müvafiq müddəa yalnız Kirov hadisəsindən sonra meydana çıxıb.
İş RSFSR Ali Məhkəməsinin kollegiyasına verilib və Berezentsevin bilavasitə rəhbərləri müttəhimlər kürsüsünə çıxarılıb. Kirov hakimiyyəti 2021-ci ildə onu yenidən qurana qədər futbol meydançası uzun illər tərk edilmiş vəziyyətdə qalıb. Üzərindən 57 il keçməsinə baxmayaraq, hələ də partlayış nəticəsində neçə nəfərin öldüyü dəqiq məlum deyil.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün






