Rəsmi Bakı hərbçilərimizin Yaxın Şərqə göndərilməsi ilə bağlı ilk dəfə açıqlama yaydı: “Yekun qərar yoxdur”
“Axios” nəşri ABŞ Prezidenti Donald Trampın dekabrın 25-dək Qəzzada sülh planının ikinci mərhələsinin başlayacağını elan etməyi planlaşdırdığını bildirib. ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planı çərçivəsində Vaşinqton Azərbaycan, İndoneziya, BƏƏ, Misir, Qətər və Türkiyə ilə təxminən 20 min hərbçidən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrində iştirak məsələsini müzakirə edir.
“Azərbaycan Qəzza ilə bağlı yaranmış mürəkkəb geosiyasi vəziyyət fonunda öz mövqeyində ehtiyatlı və balanslı qalır”.
Bu barədə “Reuters” Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. “Biz öz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız hərbi əməliyyatlar tam dayandıqdan sonra mümkün ola bilər”, - deyə XİN-dəki mənbə bildirib.
Qanunvericiliyə görə, Prezident sülhyaratma missiyasını hər hansı ölkəyə göndərməzdən əvvəl qərarın təsdiqini Milli Məclisə göndərir. Bu qərar Milli Məclisdə təsdiq edildikdən sonra qüvvəyə minir. Eləcə də missiyanın geri çağırılması və ya qalma müddətinin uzadılmasına da Milli Məclisin razılığı mütləqdir.
Qərb və İsrail mənbələri son günlər məlumat yayıb ki, Bakı təhlükəsizlik risklərini nəzərə alaraq bu planın həyata keçirilməsində birbaşa kontingentlə iştirak etməyə tərəddüd edir və hələlik qəti qərar verməyib. Rəsmi Bakı bu məlumatları rəsmi şəkildə nə təsdiq, nə də təkzib edib. Amma Milli Məclisin qərarı ilə sülhməramlı qüvvələrimiz Qəzza zolağına göndərilə bilər.

Hikmət Babaoğlu
Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a qeyd edib ki, Qəzza sektorunda sülhməramlı missiyanın həyata keçirilməsi üçün ilk növbədə tərəflər arasında sülh şərtləri bərqərar edilməlidir: “İsrail-Fələstin münaqişəsi dünya siyasi tarixinin ən mürəkkəb, çoxqatlı və uzunömürlü qarşıdurmalarından biridir. Bu münaqişə onilliklər boyunca təkcə Yaxın Şərq regionunu deyil, həm də beynəlxalq nizamı, supergüc münasibətlərini və qlobal təhlükəsizlik arxitekturasını dərindən təsirləndirib. Hazırda qarşıdurmanın ən gərgin nöqtəsi Qəzza sektoru olaraq qalır. Hər nə qədər atəşkəs çağırışları səslənsə də, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif sülh planları irəli sürülsə də, bölgədəki vəziyyətin kəskinliyindən və tərəflər arasındakı etimadsızlıqdan aydın görünür ki, münaqişə hələ də davam edir və real sülh perspektivi hazırda çox zəif görünür.
Sülhməramlı missiyanın həyata keçirilməsi isə yalnız bir şərtlə mümkündür: tərəflər arasında əsas sülh şərtləri bərqərar edilməli, minimal etimad mühiti formalaşmalı və hə iki tərəf beynəlxalq qüvvələrin bölgəyə yerləşdirilməsinə razılıq verməlidir. Əks halda, istənilən sülhməramlı qüvvə yalnız kağız üzərində mümkün olar və praktiki olaraq təhlükəsizlik təminatını vermək gücündə olmaz. Bu mənada Azərbaycanın Qəzzaya sülhməramlı göndərilməsi məsələsində tərəddüd etməsi, məncə, məhz mövcud geosiyasi reallıqlarla bağlıdır. Azərbaycan regiondakı vəziyyətin son dərəcə qeyri-müəyyən olduğunu, tərəflərin hələ də bir-birinə açıq düşmən mövqeyində dayandığını və təhlükəsizlik zəmanətləri olmadığı üçün sülhməramlıların həmin məkanda real fəaliyyət göstərə bilməyəcəyini yaxşı dərk edir".
Deputat bildirib ki, əgər gələcəkdə doğrudan da tərəflərin qarşılıqlı razılığı əsasında sülhün əsas parametrləri qəbul olunarsa, bölgədə davamlı atəşkəs təmin edilərsə və nəzəri deyil, praktik bir sülh prosesi yaranarsa, o zaman Azərbaycan da bu məsələyə öz mövqeyini yenidən nəzərdən keçirə bilər: “Belə bir şəraitdə həm Azərbaycanın qərarını dəqiqləşdirməsi, həm də beynəlxalq platformalarda daha aydın mövqe ortaya qoyması mümkündür.
Əlbəttə ki, Azərbaycanın ordu personalının sülhməramlı missiyalar sahəsində kifayət qədər zəngin təcrübəsi var. Balkanlar, Əfqanıstan kimi mürəkkəb, siyasi qarşıdurmaların qaynadığı coğrafiyalarda Azərbaycan sülhməramlıları öz missiyalarını yüksək peşəkarlıqla və nümunəvi şəkildə yerinə yetiriblər. Lakin məsələ ondan ibarətdir ki, sülhməramlıların bölgəyə yerləşdirilməsi üçün ilk növbədə münbit siyasi və təhlükəsizlik zəmini olmalıdır. Hazırda Qəzza belə bir zəminin ən az olduğu mərkəzlərdən biridir. Müharibə aktiv fazadadır, tərəflərin mövqeləri sərtdir və beynəlxalq vasitəçilər belə real nəticə əldə etməkdə çətinlik çəkirlər.
Beləliklə, vəziyyət gələcəkdə aydınlaşarsa, tərəflər arasında minimal anlaşma mühiti yaranarsa və beynəlxalq təhlükəsizlik təminatları formalaşarsa, o halda düşünmək olar ki, bundan sonra Azərbaycan öz qəti mövqeyini ortaya qoya və məsələyə daha konkret şəkildə yanaşa bilər".
Xatırladaq ki, “İsrail-Hayom” qəzetinin məlumatında bildirilirdi ki, Qəzzaya göndəriləcək sülhməramlıların özəyini Azərbaycan və İndoneziya təşkil edə bilər. “Politico” nəşri isə bir neçə ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə qoşulmaq üçün əsas namizəd ölkələrin Azərbaycan, İndoneziya və Pakistan olduğunu yazmışdı.
Azərbaycan sülhməramlı bölüyü 2003-2008-ci illərdə 152 nəfərlik şəxsi heyətlə İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edib. 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Türk taboru tərkibində fəaliyyət göstərib. Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb. Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir.
Xalidə GƏRAY,
“Yeni Müsavat”






