Kaliforniya Universitetinin alimləri süni intellektin iş prosesinə real təsirini araşdıran genişmiqyaslı tədqiqatın nəticələrini açıqlayıblar.
Musavat.com xəbər verir ki, səkkiz ay davam edən araşdırma çərçivəsində adı açıqlanmayan texnologiya şirkətində çalışan 200 əməkdaşın gündəlik fəaliyyəti müşahidə olunub.
Tədqiqat zamanı rəhbərlik işçiləri süni intellektdən istifadə etməyə məcbur etməyib, sadəcə olaraq onlara müxtəlif neyroşəbəkə alətlərinə çıxış imkanı yaradılıb. Nəticələr isə gözləniləndən fərqli olub.
Belə ki, süni intellektdən aktiv istifadə edən əməkdaşlar öz təşəbbüsləri ilə daha sürətli işləməyə, daha çox tapşırıq götürməyə və tez-tez normadan artıq çalışmağa başlayıblar. Alimlərin qənaətinə görə, bunun əsas səbəbi neyroşəbəkələrin işə başlamağı asanlaşdırmasıdır.
Araşdırmada qeyd olunur ki, süni intellekt “ağ vərəq qorxusu”nu aradan qaldırır, psixoloji müqaviməti zəiflədir və insanları yeni tapşırıqlara daha tez girişməyə təşviq edir. Bu isə zamanla əməkdaşların öz iş öhdəliklərinin sərhədlərini genişləndirməsinə, hətta könüllü şəkildə həmkarlarını da öyrətməsinə gətirib çıxarır.
Alimlər bildirirlər ki, süni intellekt məhsuldarlığı artırsa da, bu artım iş yükünün azalması ilə müşayiət olunmur. Əksinə, texnoloji rahatlıq bir çox hallarda iş intensivliyinin artmasına və gizli şəkildə artıq yüklənməyə səbəb olur.
Musavat.com






