Yeni dünya düzənin formalaşma prosesində əksər dövlətlər artıq formal ittifaqlardan daha çox funksional və konkret istiqamətlərə bağlı əməkdaşlıq platformalarına üstünlük verirlər... Müasir dünya hazırda hələ qarşıdurma keyfiyyətindən uzaqlaşmamış yeni “post-Qərb” mərhələsinə daxil olur, bundan sonra diplomatiyanın daha çevik, ittifaqların daha dəyişkən, qlobal rəqabətin isə daha sistemli olacacağı gözlənilir...
Qlobal məkanda kəskin ziddiyyətlər yeni dünya düzəninin formalaşma prosesini də ciddi şəkildə qəlizləşdirir. Belə ki, hazırda müasir dünya siyasətində eyni vaxtda gündəmə gətirilən üç parallel, ancaq bir-birindən fərqli geopolitik xətt diqqəti çəkir. Almaniya israrla Avropa üçün yeni tərəfdaşlıq sisteminin qurulmasına çağırır. Ukrayna Rusiyanın əsas hərbi təhdid alətlərinin bloklanmasını təklif edir. Kreml isə Rusiyanın maraqlarına uyğunlaşdırılmış yeni “Avrasiya təhlükəsizlik təşəbbüsü”nü ön plana çıxartmağa çalışır. Və bütün bunlar qlobal geopolitik sistemin artıq transformasiya mərhələsinə keçdiyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, bu, artıq beynəlxalq nizamın struktur dəyişikliyinə yönəlik prosesin başlandığından xəbər verir. Xüsusilə də, rəsmi Berlin yeni “dəyərlər koalisiyası”na bağlı təşəbbüslərini Almaniya üçün geopolitik maraqların təmin olunma diplomatiyasına çevirməkdədir. Belə ki, Almaniya kansleri Fridrix Mertz artıq açıq şəkildə vurğulayıb ki, yeni tərəfdaşlıqlar qətiyyən “tam dəyər uyğunluğu” tələb etmir. Bu, rəsmi Berlinin xarici siyasətində olduqca maraqlı və mühüm dönüş sayılır. Çünki buna qədər uzun illər “normativ güc” modelinə sadiq qalan Almaniya indi artıq daha çox realist və geoiqtisadi əsaslı diplomatiyaya üstünlük verir.
Məsələ ondadır ki, kansler Fridrix Mertzin Almaniya üçün tərəfdaş ola biləcək ölkələrin sırasında Türkiyə, Kanada, Yaponiya, Hindistan və Braziliya kimi dövlətləri xüsusi olaraq, vurğulaması böyük maraq doğurur. Bu siyahı rəsmi Berlinin maraq göstərdiyi Qara dənizdən Arktikaya, Hind-Sakit okeandan Latın Amerikasına qədər uzanan və şaxələndirilmiş tərəfdaşlıq şəbəkəsinin geopolitik xəritəsini təyin edir. Xüsusilə də Hindistan və Braziliya kimi dövlətlərin həm də BRICS platformasında təmsil olunması Almaniyanın Qlobal Cənuba doğru yönəlməyə başladığını sezdirir.
Belə anlaşılır ki, Almaniya faktiki olaraq, kollektiv Qərb daxilindəki məhdud çərçivədən çıxaraq, çoxqütblü qlobal sistemə adaptasiya olunmaq niyyətini biruzə verir. Bu, Avropa Birliyinin avanqard dövlətlərindən biri olan Almaniyanın ABŞ-dan tam uzaqlaşmaq qərarı qəbul etdiyi anlamı daşımır. Ancaq bu, o deməkdir ki, rəsmi Berlin artıq yalnız ABŞ-ın strateji xəttinə bağlı qalmaq istəmir. Və Almaniya alternativ maliyyə-iqtisadi, eləcə də, siyasi-ideoloji kanalların axtarışına başlayıb.
Maraqlıdır ki, Avropa məkanında yeni alternativ tərəfdaşlıq variantlarının axtarışına paralel olaraq, Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna fərqli “məhdudlaşdırma strategiyası”nı gündəmə gətirərək, müharibədən sonrakı hərbi-siyasi əməkdaşlıq modelini təklif edir. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski Avropanın təhlükəsizlik arxitekturasını təhdid edən Rusiyanı “terror vasitələrindən məhrum etmək” üçün daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyac olduğunu bildirir. Bu, rəsmi Kiyevin Ukrayna savaşının mövcud xarakterində dəyişiklik etməyə can atmasından xəbər verir. Yəni, Ukrayna hücumdan daha çox müdafiə və mövcud hərbi infrastrukturun qorunması mərhələsinə keçidin vacibiyini qabardır.
Ancaq eyni zamanda, Avropa diplomatiyasının sərt xəttini təmsil edən Kaya Kallas Rusiyanın “supergüc olmadığını” vurğulayır. O, öz fikrini arqumentləşdirmək üçün Rusiyanın 2014-cü il sərhədlərini hələ köklü şəkildə dəyişə bilmədiyini, müharibədə həm böyük insan və həm də maliyyə-iqtisadi itkilərə məruz qaldığını, Kremlin savaşdan sonra törətdiyi hərbi cinayətlərə görə kompensasiya ödəməli olacağını ön plana çəkir. Onun bu yanaşma tərzi isə klassik “məğlub tərəfin sistemli zəiflədilməsi” modelinə bənzəyir. Yəni, Avropada getdikcə formalaşan əsas fikir belədir ki, yalnız atəşkəs yetərli deyil, həm də Rusiya hərbi, iqtisadi və siyasi baxımdan, struktur məhdudiyyətləri ilə üzləşməlidir.
Halbuki, Avropa Birliyinin gündəmə gətirdiyi bu strategiyanın olduqca riskli tərəfləri də var. Belə ki, əgər, Kreml bunu Rusiyaya qarşı real təhlükə kimi qəbul edərsə, onda hərbi-siyasi qarşıdurma daha uzunmüddətli və sistemli xarakter ala bilər. Əslindəsə, Kreml elə indidən Rusiyanın maraqlarına bağlı yeni Avrasiya təhlükəsizlik arxitekturası icad etməyə çalışır. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov tamamilə fərqli bir qlobal geopolitik xəttin ön plana çıxarılması istiqamətində cəhdlər göstərir.
Məsələ ondadır ki, Kreml təmsilçisi ilk növbədə postsovet məkanına şəriksiz nəzarətin Rusiya üçün əsas prioritet olduğunu ön plana çəkir. Bu, Rusiyanın “yaxın xaric” strategiyasından hələ də geri çəkilmədiyini göstərir. Əksinə, kollektiv Qərblə açıq qarşıdurma fonunda postsovet məkanının qlobal rəqiblər üçün bloklanmasını Rusiyanın əsas prioritet hədəfi olduğunu qabardır.
Digər tərəfdən, rus nazir Ağ Evi ABŞ dollarını siyasi təzyiq alətinə çevirməkdə də ittiham edir. Buna qarşılıq olaraq, BRICS çərçivəsində alternativ ödəniş sistemlərinin və investisiya mexanizmlərinin hərəkətə gətiriliməsinin vacibliyini vurğulayır. Əsas məqsəd isə BRICS ölkələrini kollektiv Qərbin, eləcə də ABŞ-ın maliyyə nəzarətindən asılılığını azaltmaqdır. Eyni zamanda, Sergey Lavrov Avropa Birliyini Qara dəniz regionuna və Cənubi Qafqaza “müdaxilə etməkdə” də ittiham edir. Bu isə Ukrayna müharibəsi, NATO-nun genişlənməsi və Cənubi Qafqaz regionu üzərindən keçən həm enerji, həm də logistik marşrutlar ilə birbaşa bağlıdır.
Göründüyü kimi, hazırkı qlobal proseslər müasir dünyanın yenidən iki qütbə bölünmədiyini göstərir. Əksinə, Almaniya örnəyi ilə kollektiv Qərb daxilində praqmatik transformasiya artıq ön plana keçir, Rusiya alternativ Avrasiya mərkəzli təhlükəsizlik sistemi qurmaqla, üzləşdiyi təcrid vəziyyətini balanslaşdırmağa çalışır, Qlobal Cənub dövlətləri isə hər iki tərəflə paralel işləyərək, strateji balans yaratmağa üstünlük verirlər. Bu isə “bloklaşan çoxqütblülük” modeli kimi qəbul olunur.
Belə anlaşılır ki, yeni qlobal düzənin formalaşma prosesində dünya dövlətləri artıq formal ittifaqlardan daha çox funksional və konkret istiqamətlərə bağlı əməkdaşlıq platformalarına üstünlük verirlər. Yəni, müasir dünya hazırda hələ qarşıdurma keyfiyyətindən uzaqlaşmamış yeni “post-Qərb” mərhələsinə daxil olur. Və bu mərhələdə diplomatiyanın daha çevik, ittifaqların daha dəyişkən, qlobal rəqabətin isə daha sistemli olacacağı qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()






