Suriya ordusu Hələb şəhərində SDG/YPG qüvvələrinin nəzarətində olan Şeyx Maqsud və Əşrəfiyə məhəllələrinə qarşı hücumlar təşkil edir.
Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, əməliyyatlar artilleriya və yüngül silahların tətbiqi ilə həyata keçirilir. Döyüşlər əsasən yaşayış massivlərinin ətrafında cəmləşib və bölgədə təhlükəsizlik vəziyyəti daha da gərginləşib.
Eyni zamanda, bölgədə fəaliyyət göstərən aşirət liderləri SDG-yə qarşı ümumi səfərbərlik elan ediblər. Onlar yerli silahlı qrupları və əhalini birlikdə mübarizəyə qoşulmağa çağıraraq, kürd silahlı dəstələrinə qarşı koordinasiyalı müqavimət göstərilməsinin vacibliyini vurğulayıblar.
Məlumatlara görə, qarşıdurmaların genişlənməsi fonunda Hələb ətrafına əlavə silahlı qüvvələr cəlb olunur. Mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır, bəzi ailələrin döyüş bölgələrini tərk etməyə çalışdığı bildirilir.
Rəsmi Dəməşq və SDG tərəfi baş verən hadisələrlə bağlı hələlik ətraflı açıqlama yaymayıb. Vəziyyət gərgin olaraq qalır.
Musavat.com






