Suriyada sular durulmur. Bəşər Əsəd getdi, Əhməd əş-Şaraa gəldi, amma bu, ölkədə gedən vətəndaş müharibəsinin səngiməsinə səbəb olmadı.
Suriyadan gələn xəbərlər, müxtəlif ölkələrin mediasında dərc olunan informasiyalar göstərir ki, sadəcə, qıranların yeri dəyişib, qırılanların sayında azalma yoxdur.
Keçən ilə qədər Bəşər Əsədin mənsub olduğu etnik qrup – druzlar və onun məzhəbdaşları ələvilər üstün roldaydısa, bu gün druzlar və ələvilər zərərçəkən rolundadırlar.
Bəşər Əsədin devrildiyi və ölkədən qaçdığı yeni həftələrdə onun məzhəbdaşlarının və soydaşlarının təqibə məruz qalmayacağı vəd olunmuşdu, amma sonradan vəziyyət dəyişdi. Hakimiyyətə gələn qüvvələr keçmiş iqtidar tərəfdarlarını təqib edir, məhkəməsiz-filansız, küçələrdə, evlərinin içində güllələyirlər.
Dünən Hama, Homs, Tartus və Latakiya vilayətlərində on minlərlə insanın küçələrə çıxaraq hökumətə qarşı etiraz aksiyaları keçirməsinin səbəbi budur. Ondan iki gün əvvəl dünya mediasında etnik azlıqların və digər islam məzhəblərinə etiqad edənlərinin dözülməz vəziyyəti barədə informasiya və reportajlar yayılmışdı.
Bu mətbu materiallar Suriyanın daxili işlərinə münasibətdə tərəf tutan, maraqlı ölkələrin mediasında yayılırdı deyə, düşünmək olardı ki, onlar ya birtərəflidir, ya da həddindən artıq şişirdilir, real vəziyyət təhrif edilir.

Ancaq aksiyaların təşəbbüskarı kimi ələvi şeyxi Qazal Qazalın çıxış etməsi, əhalyə küçələrə çıxmaq çağırışı etməsi təsdiq edir ki, gerçək durum təsəvvür ediləndən də ağırdır.
Artıq etnik qruplar və dini konfessiyalar arasında kəskin ziddiyyətlər, dərin etimadsızlıq hökm sürür. Tərəflər qəti şəkildə “kim kimi məhv edəcək, kim bu qovğadan salamat və qalib çıxacaq” davasına giriblər.
Osmanlı imperiyasından qopduğundan bəri uzun illər yadelli ölkələrin vassalı kimi yaşayan Suriya çox dövlət çevrilişləri, daxili çaxnaşmalar görüb, yalnız hakimiyyətə general Hafiz Əsədin dövlət çevrilişi yoluyla gəlməsindən sonra nisbi sabitliyə qədəm qoymuşdu. H.Əsəd bu ölkəni hərbi-polis rejiminin gücü ilə idarə edirdi, amma hər halda, milli və dini zəmində qarşıdurmalar olmurdu.
Bununla belə, Hafiz Əsəd də, onun oğlu Bəşər Əsəd də, Şərq ölkələrində yayğın olduğu kimi, dövlət idarəçiliyində tayfabazlığa söykənir, öz qəbiləsindən olanlara üstünlük verir, haqq-ədaləti təmin etmirdilər və bu əzilən kütlələrdə haqlı narazılıq doğururdu. Suriya nadir ölkələrdən idi ki, orada dini və etnik azlığın nümayəndələri çoxluq üzərində hökmranlıq edirdi.
14 il əvvəl bu ölkədə vətəndaş müharibəsinin başlanması məhz həmin ədalətsizliyə etirazların nəticəsi idi. Xarici dövlətlər də bir tərəfdən fitnə-fəsad törətdilər, nəticədə Suriya 5 yerə parçalanmış vəziyyətə düşdü. Bu ilin əvvəlinə qədər döyüşən qüvvələr Bəşər Əsədə qalib gələ bilmirdilər, amma axır ki, onu devirmək mümkün oldu.

İndi Bəşər Əsəd Rusiyada tam təhülükəsiz bir şəraitdə, xalqdan oğurladığı milyardların hesabına krallar kimi yaşayır, onun Suriyanı tərk etməyə macal tapmamış, yaxud da əvvəldən bu niyyətdə olmamış tərəfdarları, yerliləri isə qırğına məruz qalırlar.
B.Əsədin dövründə can qorxusuyla vətəndəki hər şeyini atıb xarici ölkələrdə (əsasən də Türkiyə və Avropaya) səpələnmiş milyonlarla suriyalı hələ ölkəsinə qayıtmayıb, bu dəfə ölkədən yeni qaçqın dalğası kükrəyə bilər.
Çünki Suriyada ara qarışıb, məzhəb itib, vətəndaş müharibələrinə xas olan tam bir xaos hökm sürür.
Etiraza qalxanlar Əhməd əş-Şaraa hakimiyyətindən dövlətin federallaşdırılmasını, etnik və dini azlıqlara qarşı qətl və oğurluqların dayandırılmasını tələb edirlər.
Yəqin ki, indiki halda Suriyanın daxilində sabitlik yaratmaq üçün yeganə çıxış yolu, etnik qrupların kompakt yaşadığı vilayətlərə muxtariyyat verməkdir. Mərkəzi hakimiyyət, təbii ki, bu varianta asanlıqla və tezliklə getməyəcək, amma haraya qədər?
Ölkə darmadağın olub. Suriyanın bərpası, Hafiz Əsəd dövründəki abadlığa qayıtması üçün on illər lazımdır.
Uzun sözün kəsəsi, bu coğrafiyada insanlar dinc, yanaşı, qanunlara boyun əyərək yaşamağı bacarmırlar. Hakimiyyətə kim gəlirsə, onun məzhəbdaşları, soydaşları, partiyadaşları önə çıxır, yerdə qalanlara zülm edirlər.
Uzun illər öz taleyinə sahib çıxa bilməməyin, müstəmləkə olmağın, bir gözünü metropoliyaya dikməyin bu cür minusları var. Bu, imperiyaların “parçala, hökm sür” siyasətindən qalan mirasın nəticələridir, bu şəkildə təzahür edir.
Araz Altaylı, Musavat.com






