İnsanlara hürriyət, millətlərə istiqlal!

Taliban Pakistandan üz döndərir: Əfqanıstan bu limana çıxış üçün Hindistana yaxınlaşır

667 26.11.2025 12:26 Siyasət A A

"Əfqanıstanla Pakistan arasında münasibətlər gərgin olaraq qalır. Türkiyənin vasitəçiliyi və tərəflərin İstanbulda keçirilən görüşündə sərhəddəki toqquşmalara ara verilərək atəşkəsə nail olunsa da, gərginlik yaradan səbəblər ortadan qaldırılmayıb".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Əfqanıstan Çabahar limanına çıxış əldə etmək istəyir və bunun üçün Hindistana yaxınlaşır:

"Rəsmi İslamabad Pakistan ərazisində baş verən partlayışlarda "Təhrik-e-Taliban" hərəkatının əli olduğu qənaətindədir. Adlar oxşar olsa da, bu, Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı deyil. Buna baxmayaraq, rəsmi İslamabad Talibanı Pakistanı təhdid edən "Təhrik-e-Taliban" hərəkatına sığınacaq verməkdə ittiham edir.

Taliban bu ittihamları qəbul etmir. İslamabad Kabildən Əfqanıstan ərazisindən kiçik qrupların Pakistan ərazisinə hücumları dayandıracağına təminat tələb edib. Taliban belə bir təminat verə bilmir. Çünki iki ölkə ərazisinin sərhədi uzun və bir hissəsi dağlıq ərazilərdən keçir. Taliban sərhədin tamamına nəzarət edə bilmir. Sərhəd nəzarətə götürülməyənə qədər isə iki ölkə arasında münasibətlərin normallaşacağını gözləmək çətindir.

Bu arada, Taliban hərəkatının rəhbərliyi Pakistanın rəqibi Hindistanla sıx əlaqələr qurmağa başlayıb. Əfqanıstanın sənaye və ticarət naziri Nurəddin Əzizi yüksək səviyyəli nümayəndə heyəti ilə Hindistana səfər edib. Onu Yeni Dehlidə Hindistan Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıb. Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi mövzularını müzakirə ediblər.

Əfqanıstan Hindistanla ixrac və idxalın artmasında, o cümlədən birgə investisiya layihələrinin icrasında maraqlıdır. Yeni Dehli də Əfqanıstanla ticarətin genişlənməsində maraqlıdır. Əfqanıstan Pakistanla münasibətlərin gərginliyi fonunda Hindistanın nəqliyyat imkanlarından istifadə etmək istəyir.

Məsələ burasındadır ki, məlum səbəblərdən Əfqanıstanın Pakistanın Karaçi limanından ticarət aparması çətinləşib. Əfqanıstanın dənizlərə çıxışı olmadığından limanlara çıxış bu ölkə üçün əhəmiyyətlidir. Buna görə də Əfqanıstan Hindistanın istifadə etdiyi İranın cənub-şərqində yerləşən strateji Çabahar limanına çıxış əldə etməkdə maraqlıdır.

Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin də İran ərazisindəki son məntəqəsi Çabahar limanıdır. Bu ilin sentyabr ayında İran, Hindistan və Özbəkistan arasında imzalanan sazişdə də Çabahar ticarət limanına birbaşa çıxışın təmin olunması nəzərdə tutulub".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR