Bu gecə Rusiya Kiyevə yenidən ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum edib. Şəhərdə güclü partlayış səsləri eşidilib.
Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Hücum nəticəsində paytaxtda 5635 çoxmərtəbəli yaşayış binası istilik təchizatından məhrum olub. Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, bu binaların təxminən 80 faizi yanvarın 9-da baş verən əvvəlki hücumdan sonra istilik təchizatı bərpa edilən evlərdir.
Kiyev polisinin məlumatına görə, Dneprovski rayonunda partlayış dalğası çoxmərtəbəli binaya ziyan vurub, 59 yaşlı yerli sakin xəsarət alıb.
Həmçinin qəlpələrin düşməsi nəticəsində onlarla park edilmiş avtomobilə ziyan dəyib.
Darnitski rayonunda fərdi yaşayış evinin pəncərələri və hasarı zədələnib. Desnyanski rayonunda isə PUA qalıqları qəbiristanlıq ərazisinə düşüb. Hər iki rayonda xəsarət alan olmayıb.
Vitali Kliçko qeyd edib ki, düşmən hücumu nəticəsində paytaxtın sol sahilində elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.
Kiyev Şəhər Administrasiyasının rəhbəri Timur Tkaçenko Dneprovski rayonunda anbar sahəsində yanğın baş verdiyini açıqlayıb.
“Yasno” şirkətinin baş direktoru Sergey Kovalenkonun sözlərinə görə, Rusiya hücumlarının enerji sektoruna vurduğu ziyan səbəbindən paytaxtda elektrik enerjisinin verilişi 16 saatdan artıq müddətə dayandırılıb.
Musavat.com






