İran hakimiyyəti ABŞ-yə yönəlmiş birbaşa təhdid mesajı olan nəhəng reklam lövhəsini Tehranın mərkəzi meydanlarından birində quraşdırıb.
Musavat.com xəbər verir ki, bu addım bölgəyə Amerika hərbi gəmilərinin yaxınlaşdığı bir vaxtda atılıb və ciddi rezonans doğurub.
Məlumata görə, plakatda “Külək əkən fırtına biçər” ifadəsi yer alır. Vizual təsvir isə olduqca sərtdir: lövhədə ABŞ aviadaşıyıcısı üzərində uzanan cəsədlər, onların axan qanından yaranan və ABŞ bayrağını xatırladan naxış əks olunub. Bu rəmzi görüntü Vaşinqtona açıq mesaj kimi dəyərləndirilir.
Ekspertlərin fikrincə, bu addım İranın ABŞ-yə qarşı psixoloji və informasiya müharibəsi elementlərini gücləndirdiyini göstərir. Plakatın məhz indi quraşdırılması da təsadüfi sayılmır. Belə ki, həmin vaxtda ABŞ-ın “Abraham Lincoln” aviadaşıyıcısı və onu müşayiət edən hərbi gəmilər İran sahillərinə doğru hərəkət edir.
Siyasi ekspertlər bildirirlər ki, İran bu yolla mümkün hərbi müdaxilə ssenarilərinə qarşı önləyici mesaj verməyə çalışır. Mesajın vizual dili isə Tehranın geri addım atmaq niyyətində olmadığını və mümkün qarşıdurmanın ABŞ üçün ağır nəticələr doğura biləcəyini nümayiş etdirməyə hesablanıb.
Qeyd olunur ki, son günlər ABŞ–İran münasibətləri kəskin şəkildə gərginləşib. Vaşinqton regionda hərbi varlığını artırır, Tehran isə buna cavab olaraq sərt ritorika və nümayişkaranə güc mesajları verir. Tehranın mərkəzində quraşdırılan bu lövhə də məhz qarşılıqlı təzyiq siyasətinin simvolik göstəricisi kimi qiymətləndirilir.
Analitiklərin qənaətinə görə, tərəflər arasında bu cür açıq mesajlaşma bölgədə eskalasiya riskini xeyli artırır və Yaxın Şərqdə genişmiqyaslı qarşıdurma ehtimalını daha da gücləndirir.
Musavat.com






