İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tiflis ağıllı hərəkət etsə..." - SON DƏQİQƏ AÇIQLAMASI

727 05.02.2026 12:50 Son xəbər A A

Gürcüstanın baş naziri İrakli Kobaxidze Dubayda jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi ABŞ ilə strateji tərəfdaşlığı yeni və konkret yol xəritəsi əsasında yeniləmək niyyətindədir. O söyləyib ki, bu yanaşma Gürcüstan tərəfinin ABŞ-yə açıq əməkdaşlıq təklifidir.

Baş nazirə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia ilə ABŞ dövlət katibinin köməkçisi Brendan Hanrahan arasında Vaşinqtonda keçirilən görüşlə bağlı sual ünvanlanıb.

Kobaxidze deyib ki, müzakirələr məhz strateji tərəfdaşlığın yenilənməsi mövzusuna həsr olunub:

"Biz strateji tərəfdaşlığı yeni səhifədən, konkret yol xəritəsi ilə yeniləmək istəyirik. Bu, bizim açıq şəkildə uzadılmış əlimizdir. Biz buna səbrlə cavab gözləyirik və ümid edirik ki, cavab olacaq. Bu, bizim nikbin gözləntimizdir. Hadisələrin bundan sonra necə inkişaf edəcəyini görəcəyik".

kenan.jpg (34 KB)

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında bildirib ki, beynəlxalq münasibətlər sistemində çox ciddi proseslər baş verir:

"ABŞ-Rusiya münasibətlərində tərəflərin tarixində nadir rast gəlinən dialoq müşahidə olunur. Buna paralel olaraq kollektiv Qərb anlayışı artıq dağılıb: Avropa ilə ABŞ-nin bir çox məsələylə bağlı mövqeyi üst-üstə düşmür. Bu, Qərb ölkələri arasında ziddiyyəti artırır. Beləliklə, dünyanın təhlükəsizlik arxitekturasında çox ciddi dəyişikliklər baş verir. Müşahidə olunan yeni "oyun qaydaları" təbii ki, digər dövlətlərin də diqqətindən kənarda qalmır. Bu baxımdan Gürcüstan da istisna deyil. Vaşinqton- Moskva münasibətlərindəki dialoqdan istifadə edən Tiflis ABŞ ilə əlaqələrini gücləndirməyə çalışır. Yəqin ki, bu proses davam edəcək.

Rusiya müəyyən mərhələyə qədər bu prosesə təmkinlə yanaşa bilər. Amma əlbəttə, Moskva Gürcüstanı tam əldən vermək istəməyəcək. Çünki bu, həm də Kremlin Cənubi Qafqazdakı təsir imkanlarının daha da zəifləməsi deməkdir.

Sözsüz ki, ABŞ ilə Rusiya arasında münasibətlərin hazırkı səviyyəsi daimi və ya səmimi deyil. Əksinə, bu, böyük güclərin qlobal mübarizəsinin başqa formada inikasıdır. Moskva ilə Vaşinqton arasında rəqabət davam edir. Tiflis ağıllı hərəkət etsə, mövcud vəziyyətdən öz xeyrinə istifadə edə bilər. Buna baxmayaraq, Gürcüstanın vəziyyəti hələ də ağırdır".

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR