ABŞ Prezidenti Donald Tramp ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) rəis müavini, dəniz piyadaları general-leytenantı Fransis Donovanı ABŞ Cənub Komandanlığının (SOUTHCOM) komandiri vəzifəsinə namizəd kimi irəli sürüb.
Musavat.com xəbər verir ki, məlumat Pentaqonun açıqlamasında yer alıb.
SOUTHCOM-un məsuliyyət dairəsinə Karib dənizi regionu və orada yerləşən ölkələr, o cümlədən Venesuela daxildir.
SOUTHCOM-un əvvəlki rəhbəri admiral Alvin Halsey ötən həftə istefa verib. "The Washington Post" qəzetinin yazdığına görə, o, bu vəzifəni bir ildən az müddətə tutmuşdu, baxmayaraq ki, komandirlər adətən bu vəzifələrdə təxminən üç il xidmət edirlər. İki mənbə nəşrə bildirib ki, Pentaqon katibi Pit Heqsetin Halsinin fəaliyyətindən narazılığı sentyabr ayında, ABŞ ordusu Venesuela sahillərində narkotik kartel qayıqlarına zərbələr endirməyə başlayanda yaranıb.
Musavat.com






